Prezident İlham Əliyev AŞPA-ya ən sərt mesajını Şuşadan verdi - Politoloq

 16:53 13.07.2026     315

"Artıq ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumunun dördüncüsü bu gün Şuşada öz işinə başladı. Forumun açılış mərasimində çıxış edən ölkə başçısı, Prezident İlham Əliyev həm açılış nitqində, həm də dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan, Cənubi Qafqaz və dünya siyasəti ilə bağlı mühüm məqamlara toxundu, bir sıra məsələlər üzrə öz mövqeyini və yanaşmasını açıqladı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışlarından danışarkən bildirdi.

O qeyd etdi ki, Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə münasibətləri oldu:

"Ölkə başçısı bildirdi ki, 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olarkən nümayəndə heyətinə rəhbərlik edib və iki il bu qurumda fəaliyyət göstərib. Həmin müddətdə Assambleyanın dörd sessiyasında iştirak edib. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə münasibətləri 2023-cü ildə ölkəmizin öz legitim hüququndan istifadə edərək ərazi bütövlüyünü tam bərpa etməsi və antiterror tədbirlərini həyata keçirməsindən sonra ciddi şəkildə dəyişdi. 2024-cü ilin yanvarında Azərbaycanın nümayəndə heyətinin akkreditasiyası sual altına alındı. Buna cavab olaraq 2024-cü il yanvarın 22-də Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında iştirakını qeyri-müəyyən müddətə dayandırdığını bəyan etdi".

Üzeyir Mustafayev (@uzeyir.mustafayev.77) • Facebook

Müsahibimizin sözlərinə görə, Prezident bu məsələyə toxunaraq xüsusilə vurğuladı ki, Azərbaycan qarşıdurma tərəfdarı deyil:

"Bununla belə, həm Avropa Şurası Parlament Assambleyası, həm də Avropa Parlamenti ölkəmizə qarşı əsassız və qərəzli addımlar atır. Ölkə başçısı bildirdi ki, Azərbaycan Avropa Şurasından tamamilə çıxacağı təqdirdə belə, ölkə daxilində bunu demək olar ki, heç kim hiss etməyəcək, hətta bunun daha müsbət nəticələr verəcəyi də istisna deyil. Bu fikirlər Azərbaycanla adıçəkilən təsisat arasındakı münasibətlərin mövcud reallığını tam şəkildə əks etdirir. Çünki son illərdə Avropa Şurası ilə Azərbaycan arasında münasibətlər ölkəmiz əleyhinə qəbul olunan qətnamə və bəyanatlar fonunda getdikcə daha da gərginləşib.

Azərbaycana qarşı növbəti qərəzli qətnamə qısa müddət öncə - 30 aprel 2024-cü il tarixində qəbul edildi. Həmin sənəddə insan hüquqları məsələlərinə toxunulmaqla yanaşı, "Dağlıq Qarabağ" adlandırmasından istifadə olunurdu. Halbuki "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə mövcud deyil. Eyni zamanda, "Dağlıq Qarabağın əhalisi" anlayışı da hüquqi baxımdan mövcud deyil. Mövcud olan anlayış Azərbaycan Respublikasının əhalisi və Azərbaycan xalqıdır. Qətnamədə Qarabağ ermənilərinin Qarabağa "qayıtmaq hüququ"na da geniş yer verilmişdi. Halbuki Qarabağı tərk edən ermənilər bunu öz iradələri ilə ediblər və onlara qarşı hər hansı zorakılıq tətbiq olunmayıb. Qalmaq istəyən şəxslər isə bu gün də həmin ərazilərdə yaşayırlar. Digər tərəfdən, 1988-ci ildə "erməni miatsumu"nun başlanmasından etibarən azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasəti həyata keçirildi. Minlərlə insan doğma yurd-yuvasından zorla didərgin salındı. Xocalı soyqırımı törədildi, şəhər sakinlərinə beynəlxalq humanitar hüququn prinsiplərinə zidd olaraq təhlükəsiz çıxış imkanı verilmədi. İnsanlar Xocalı-Ağdam yolundakı meşələrdə qurulmuş pusqularda amansızcasına qətlə yetirildilər. Bütün bunları nəzərə aldıqda haqlı olaraq belə bir sual yaranır: hansı qayıdış hüququndan və hansı "Dağlıq Qarabağ" anlayışından söhbət gedə bilər? Bu gün Ermənistanın siyasi rəhbərliyi "Qarabağ Azərbaycandır" deyir, amma AŞPA hələ də erməni separatizminin simvolu olan "Dağlıq Qarabağ" ifadəsini işlədir. Separatizm demişkən, insan hüquqları adı altında Qarabağda müharibə və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunan canilərin "hərbi əsir və girov" kimi təqdim edilməsi və azad olunmalarının tələb edilməsi müşahidə olunur. Bu da ciddi suallar doğurur. Həmin şəxslər bəşəriyyətə qarşı cinayətlər törədiblər. Erməni nasizmini dəyərə çevirib minlərlə günahsız mülki şəxsin bu və ya digər işgəncələrlə ölümünü təşkil ediblər. Girovlardan danışan AŞPA xatırlamaq istəmir ki, işğaldan azad olunmuş ərazilərdə yüzlərlə kütləvi məzarlıq tapılıb. Bəzən bir şəxsin qalıqları bir yox, bir neçə məzarlıqdan tapılır. Bu faciənin miqyası və dəhşətini təsdiqləyən faktlar ortada olduğu halda, etnik təmizləmə aparan şəxslərin "əsir və girov" adlandırılması hansı insan hüquqlarının, yaxud hansı insanların hüquqlarının göstəricisidir?"

Siyasi şərhçi əlavə etdi ki, insan hüquqları həqiqətən əsas meyar olsaydı, bu yanaşma 2023-cü ildən əvvəl də eyni şəkildə nümayiş etdirilərdi:

"Lakin belə olmadı. Məhz Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etdikdən sonra ölkəmizə qarşı genişmiqyaslı qarayaxma kampaniyasına start verildi. Bu kampaniyada Avropa Parlamentində fəaliyyət göstərən ermənipərəst deputatlar xüsusi fəallıq nümayiş etdirərək Azərbaycana münasibətdə açıq şəkildə selektiv yanaşma sərgilədilər.

Beləliklə, Azərbaycanın münasibətlərin bu formada davam edəcəyi təqdirdə AŞPA-dan tam şəkildə çıxması olduqca real görünür. Azərbaycana beynəlxalq miqyasda sülhün təminatçısı kimi dəyər vermək əvəzinə, ittihamlar səsləndirmək, onu günahlandırmaq əqidəsizlik və anti-Azərbaycan dairələrinin siyasi sifarişinin göstəricisidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən