İlham Əliyevin mesajı Türkiyə-Azərbaycan birliyinin dünyaya bəyanıdır - Türkiyəli politoloq

 16:17 13.07.2026     307

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər barədə səsləndirdiyi fikirlər qardaş ölkələr arasında formalaşmış strateji tərəfdaşlığın beynəlxalq ictimaiyyətə təqdimatı kimi dəyərləndirilir.

Türkiyəli politoloq İsmail Cingöz Redaktor.az-a açıqlamasında bildirdi ki, dövlət başçısının çıxışında yer alan mesajlar sadəcə dostluq münasibətlərinin ifadəsi deyil, son illərdə daha da möhkəmlənən Türkiyə-Azərbaycan əməkdaşlığının mahiyyətini ortaya qoyur.

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr artıq ənənəvi müttəfiqlik çərçivəsini geridə qoyub.

"Bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik müttəfiqlik anlayışını çoxdan geridə qoyub. Hər iki ölkə xarici siyasət, müdafiə, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, müdafiə sənayesi, təhsil, mədəniyyət və ictimai diplomatiya kimi demək olar ki, bütün sahələrdə sanki vahid dövlət kimi koordinasiyalı şəkildə fəaliyyət göstərir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu qardaşlığı hüquqi və institusional müstəviyə daşıyaraq münasibətləri faktiki olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Bu gün hər iki ölkə təkcə ortaq maraqlarını deyil, eyni zamanda ortaq təhlükəsizlik anlayışını da bölüşür".

Politoloq qeyd etdi ki, Prezident İlham Əliyevin "Dünyada bir-birinə bu qədər yaxın iki dövlət tanımırıq" fikri əslində Türkiyə-Azərbaycan münasibətlərinin mahiyyətini ifadə edən üç mühüm məqama işarədir.

"Birincisi, iki ölkə arasında etimad böhranı yoxdur. Beynəlxalq münasibətlərdə ən dəyərli amil qarşılıqlı etimaddır.

İkincisi, Türkiyə ilə Azərbaycan təkcə böhran dövrlərində deyil, sülh şəraitində də ortaq strategiya formalaşdıra bilən iki dövlətdir.

Üçüncüsü isə budur ki, bu tərəfdaşlıq hər hansı üçüncü ölkəyə qarşı qurulmayıb. Əksinə, o, Cənubi Qafqazda sabitliyi, bağlantıları və iqtisadi inkişafı hədəfləyən konstruktiv əməkdaşlıq modelidir.

Xüsusilə Qarabağın işğaldan azad edilərək yenidən Azərbaycanın nəzarətinə keçməsindən sonra başlanmış yeni mərhələdə Orta Dəhliz, Zəngəzur marşrutu, enerji təchizatı təhlükəsizliyi və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlıqlar Türkiyə-Azərbaycan tərəfdaşlığını təkcə regional deyil, Avrasiya miqyasında strateji aktora çevirir. Bu gün bir çox ölkə siyasi müttəfiqlik qura bilər. Lakin Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız dövlətlər arasında olan əlaqələrdən ibarət deyil. Bu münasibətlər ailə bağları, ortaq tarix, ortaq mədəniyyət, ortaq dil və ortaq gələcək baxışı üzərində qurulub. Məhz buna görə də bu tərəfdaşlıq hökumətlərdən asılı olmayaraq cəmiyyətlər tərəfindən də güclü şəkildə dəstəklənir. Prezidentin "Birlikdə daha güclüyük" vurğusu da məhz bunu ifadə edir".

İsmail Cingözün fikrincə, müasir çoxqütblü beynəlxalq münasibətlər sistemində Ankara ilə Bakı bir-birinin geosiyasi imkanlarını gücləndirən strateji tərəfdaşlar kimi çıxış edir.

"Bu əməkdaşlıq təkcə iki ölkəyə deyil, həm də Türk dünyasının inteqrasiyasına, regional sülhə və Avrasiyada formalaşan yeni geosiyasi nizamın təşəkkülünə mühüm töhfələr verir. Buna görə də bu açıqlama yalnız dostluq mesajı kimi deyil, eyni zamanda regional güc memarlığına dair strateji baxışın ifadəsi kimi qiymətləndirilməlidir. Türkiyə ilə Azərbaycanın birgə fəaliyyət imkanları genişləndikcə, həm Cənubi Qafqazın sabitliyi, həm də Türk dünyasının beynəlxalq sistemdəki çəkisi daha da artacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən