"Türkiyə Azərbaycanın yanında olmaq üçün sərhədini bağlayan yeganə dövlətdir" - Hulusi Kılıç

 16:38 13.07.2026     412

"Ali Baş Komandan, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında Türkiyə ilə Azərbaycan dövlətləri və xalqları arasındakı münasibətlərin mahiyyətini ifadə etdi. Həqiqətən də, bu gün dünyada Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə bənzər münasibətlərə malik başqa iki ölkə yoxdur. Bu gün əməkdaşlığın gəlib çatdığı səviyyə, siyasi, iqtisadi, hərbi, enerji və digər sahələrdə iki ölkə arasındakı əlaqələr, eləcə də insanlar arasında formalaşan münasibətlər cənab Prezidentin bu fikirlərini açıq şəkildə təsdiqləyir. Onun da qeyd etdiyi kimi, dünyada başqa elə iki dövlət yoxdur ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin və bu qədər səmimi dostluq münasibətləri qursun. Bu, həm Azərbaycan, həm də Türkiyə xalqları üçün böyük zənginlikdir. Birlikdə daha güclüyük".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç səsləndirdi.

O qeyd etdi ki, tarixə nəzər saldıqda İlham Əliyevin bu sözlərinin nə qədər doğru və yerində olduğunu görürük:

"Belə ki, 1915-ci ildə Çanaqqala döyüşü zamanı Azərbaycan hələ müstəqil dövlət olmasa da, azərbaycanlı gənclər türk əsgərləri ilə birlikdə düşmənə qarşı çiyin-çiyinə vuruşmuşdular. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda onu məhv etməyə çalışan qüvvələrə qarşı Qafqaz İslam Ordusu Azərbaycana göndərildi və 15 sentyabr 1918-ci ildə Bakı düşmən işğalından azad edildi. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdə onu ilk tanıyan dövlət Türkiyə oldu. Eyni zamanda, Türkiyə Azərbaycanın digər dövlətlər tərəfindən tanınması istiqamətində də böyük səylər göstərdi.

Bundan başqa, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən sonra Türkiyə 1993-cü ildə Ermənistanla sərhədini bağladı. Dünyada başqa elə bir ölkə yoxdur ki, başqa bir dövlətə dəstək məqsədilə öz sərhədini bağlasın. 1998-ci ildə mərhum Prezident Heydər Əliyev müxtəlif təzyiqlərə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin Türkiyə ərazisindən keçməsinə nail oldu. Daha sonra Prezident İlham Əliyev də atasının siyasi kursunu davam etdirərək Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP layihəsi və İzmirin Əliağa bölgəsində həyata keçirilən "Petkim" investisiyaları kimi mühüm layihələrin reallaşdırılmasına töhfə verdi".

Müsahibimiz əlavə etdi ki, bu gün Azərbaycan Türkiyədə milyonlarla insanın məşğulluğuna töhfə verir:

"Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 25 milyard dolları ötüb. Türkiyənin Azərbaycandakı investisiyalarının həcmi isə 20 milyard dollara yaxındır. İki ölkə arasında hər zaman yaxın münasibətlər mövcud olub. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə bu əməkdaşlıq ən yüksək səviyyəyə çatdı və bütün dünya bu qardaşlığın nə qədər möhkəm olduğunu gördü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabrda, Vətən müharibəsinin başladığı ilk gündə, "Azərbaycan tək deyil" mesajını verməklə prosesə müdaxilə etmək istəyən bəzi dövlətlərə açıq xəbərdarlıq etdi.

Şuşanı ziyarət edən ilk xarici dövlət başçısı da Prezident Rəcəb Tayyib Ərdoğan oldu. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin ən mühüm sənədlərindən biri, bu münasibətlərin hüquqi təminatıdır. Bu sənəd hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunaraq hüquqi qüvvə qazandı.

Şuşa Bəyannaməsində 1921-ci il Qars müqaviləsinə istinad edilir, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" fikri, eləcə də Ulu Öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamı öz əksini tapır. Bu, son dərəcə dəyərli sənəddir. Həm gələcək əməkdaşlığın yol xəritəsini müəyyən edir, həm də mövcud münasibətlərin səviyyəsini əks etdirir. Sənəddə siyasi, iqtisadi, hərbi, mədəni və digər bütün sahələr üzrə əməkdaşlığın inkişafı nəzərdə tutulur".

Hulusi Kılıç son olaraq vurğuladı ki, Atatürkün söylədiyi "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözlərini başqa heç bir lider söyləməyib.

"Eyni şəkildə ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamı Türkiyə və Azərbaycan vətəndaşları üçün ortaq kimliyin ifadəsinə çevrilib. Bu baxımdan cənab Prezident iki ölkə arasındakı əməkdaşlığın mahiyyətini açıq şəkildə ifadə edib. Mən isə bunu belə tamamlayıram: "Biz bir millət, iki dövlətik, amma lazım gəldikdə bir millət, bir dövlət olacaq qədər bir-birimizə yaxınıq". Nə mutlu Türküm deyənə! Gücümüz birliyimizdədir, birliyimiz isə gücümüzdür", - deyə diplomat yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən