"İlham Əliyev Azərbaycana ola biləcək istənilən təhdidə qarşı indidən cavab verir" - Millət vəkili

 12:28 14.07.2026     422

"Cənab Prezidentimiz İlham Əliyev vaxtaşırı işğaldan azad olunmuş ərazilərə səfər edir. Hər səfərində öz dədə-baba torpaqlarına qayıtmış yerli sakinlərlə görüşür. Onların həyat şəraiti ilə maraqlanır, gələcək planlarla onları tanış edir. Eyni zamanda, bu görüşlər xalq-hakimiyyət birliyinin nümunəsinə çevrilir. İştirakçıların prezidentə münasibətini, onun gördüyü böyük işlərə verdikləri müsbət qiyməti görüşlərin əsas xarakterik cəhətlərindən biri hesab etmək olar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ötən həftə Prezident İlham Əliyevin Qarabağa səfəri və sakinlərlə səmimi görüşləri barədə danışarkən səsləndirdi.

"Görünən odur ki, Azərbaycan Prezidenti İlham Əliyev rəhbərliyi ilə tarixi bir missiyanı yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu, xalqın özünəinamı öz nəticəsini verdi. Bu gün həmin ərazilərdə yeni bir həyat qurulur, bütün məsələlər əvvəldən diqqətlə nəzərdə tutulur. Artıq həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi adi hala çevrilib və beynəlxalq birlik də Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirir.

Eyni zamanda, dövlət başçısı Azərbaycana ola biləcək istənilən təhdidə qarşı indidən cavab verir. Əlbəttə, artıq müharibə, hərbi əməliyyatlar dövrü başa çatıb, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ancaq bununla belə, xaricdə hansısa qüvvələr Azərbaycanı yenidən sınağa çəkmək fikrinə düşərlərsə, Azərbaycan buna həmişə hazırdır. Cənab Prezident tərəfindən, Ali Baş Komandan kimi, Silahlı Qüvvələrimizin daim döyüş hazırlığında olmasına böyük diqqət yetirilir".

Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycanın xarici siyasəti ölkənin maraqlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına yönəlib:

"Azərbaycan hamı ilə xoş, mehriban qonşuluq münasibətlərində olmaq istədiyini ortaya qoyur. Bununla belə, istənilən təhdidə, Azərbaycana qarşı istənilən yürüşə ən yüksək səviyyədə cavab verməyə hazırdır. Bunun üçün Azərbaycan vətəndaşının gücü, inamı var. Azərbaycan hakimiyyətinin bu məsələdə gördüyü və görəcəyi qabaqlayıcı tədbirlər var.

Eyni zamanda, beynəlxalq hüquqa əsasən, Azərbaycan müstəqil dövlət kimi öz hüquqlarını bütün vasitələrlə müdafiə etməyə həmişə hazırdır. Ancaq çox istərdik ki, bizim dinc quruculuq işlərimizə kimsə mane olmaq fikrinə düşməsin. Əks halda, layiqli cavabını alacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən