Prezidentin Avropa Şurası ilə bağlı dedikləri təsadüfi mesaj deyil - Tural Gəncəliyev

 14:24 14.07.2026     286

"İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunda səsləndirdiyi açıqlamalar hazırda gündəmdədir, diqqət mərkəzindədir və böyük əhəmiyyət kəsb edir. Xüsusilə də Prezidentin vurğuladığı məqam ki, Azərbaycanın Avropa Şurasından tam şəkildə çıxması baş verərsə, bunu heç kim hiss etməyəcək və heç nə dəyişməyəcək. Bu açıqlama olduqca önəmlidir və diqqət cəlb edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Şuşada keçirilən IV Qlobal Media Forumunda Prezident İlham Əliyevin verdiyi bəyanatlardan danışarkən səsləndirdi.

Siyasətçi qeyd etdi ki, ilk növbədə, Azərbaycan Avropa İttifaqının icraedici strukturları, Avropa Komissiyası və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ofisi ilə çox konstruktiv və səmərəli əməkdaşlıq edir:

"Bildiyiniz kimi, Antonio Koşta bu ilin mart ayında Azərbaycana səfər etmişdi. Daha sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də ötən ay Azərbaycana uğurlu və məhsuldar səfər həyata keçirdi. Beləliklə, Azərbaycanla Avropa İttifaqının icraedici institutları arasında çox müsbət və konstruktiv münasibətlər mövcuddur. Bu münasibətlərin kontekstinə baxdıqda görürük ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda daha çox maraqlıdır. Çünki artıq Azərbaycan Avropa üçün yalnız enerji təhlükəsizliyi baxımından əhəmiyyət daşımır. Azərbaycan təkcə neft və qaz ixracatçısı kimi deyil, eyni zamanda Avropanın Cənubi Qafqaza, Xəzər hövzəsinə və Mərkəzi Asiyaya açılan əsas qapısı kimi qiymətləndirilir".

Müsahibimiz bildirdi ki, Azərbaycanın iştirakı olmadan bu gün böyük nəqliyyat-kommunikasiya layihələrinin, o cümlədən Orta Dəhlizin mövcudluğu mümkün olmazdı.

"Məhz buna görə də Avropa İttifaqı Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Bunu deməkdə məqsədim odur ki, Avropa Şurasına və digər Avropa institutlarına gəldikdə, Prezident haqlı olaraq vurğulayır ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəaliyyətinə müxtəlif çətinliklər yaradılır, ölkəmizə qarşı kampaniyalar aparılırdı. Biz heç kimə imkan vermədik ki, qırmızı xətlərimizi keçsin və bizimlə diktə dili ilə danışsın. Nəticədə Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini dayandırdı.

Eyni zamanda, İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Şurasının özündə də Azərbaycanın bu təşkilatdan çıxması heç bir ciddi dəyişiklik yaratmayacaq. Çünki Azərbaycan Avropa Şurası ilə münasibətlərdə hər zaman konstruktiv mövqe nümayiş etdirib, dialoqa açıq olub. Azərbaycanın bu təşkilatdan elə bir asılılığı yoxdur ki, onun vasitəsilə ölkəmizə təzyiq göstərmək mümkün olsun. Biz AŞPA-da fəaliyyətimizi dayandırmaqla açıq şəkildə göstərdik ki, bizimlə şantaj və diktə dili ilə danışmaq mümkün deyil. Zərurət yaranarsa, fəaliyyətimizi dayandırmaq qərarını da qəbul edərik. Eyni yanaşma Avropa Parlamenti ilə münasibətlərdə də tətbiq olundu. Bildiyiniz kimi, Avropa Parlamenti ilə Milli Məclis arasında Parlament Əməkdaşlıq Komitəsi fəaliyyət göstərirdi", – deyən deputat qeyd etdi ki, o, Azərbaycan tərəfindən həmin komitənin həmsədri idi:

"AŞPA ilə fəaliyyətimizi dayandırdıqdan sonra Avropa Parlamentinin qərəzli siyasətinə cavab olaraq həmin Əməkdaşlıq Komitəsində də fəaliyyətimizə son qoyuldu. Daha sonra Avropa Parlamenti ilə Şərq Tərəfdaşlığı ölkələrini bir araya gətirən "Avronest" Parlament Assambleyasında da Azərbaycan öz fəaliyyətini dayandırdı. Bütün bunlar onu göstərir ki, biz Avropa İttifaqının icraedici strukturları, Avropa Komissiyası və Avropa İttifaqına üzv dövlətlərlə münasibətlərimizi qurmuşuq və bu əməkdaşlığı davam etdiririk. Lakin Avropa institutlarının bəzi populist seqmentləri, o cümlədən AŞPA, Avropa Parlamenti və son dövrlər Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı ciddi problemlər mövcuddur. Artıq Avropa İnsan Hüquqları Məhkəməsinin də fəaliyyətində selektiv yanaşmaların müşahidə olunduğu barədə fikirlər səslənir. Yəni biz bu qurumların Azərbaycana qarşı diktə xarakterli yanaşmalarını qəbul etmirik, onları rədd edirik və heç kəsə qırmızı xətlərimizi tapdalamağa imkan vermirik".

T. Gəncəliyev əlavə etdi ki, Avropa İttifaqı, Avropa Komissiyası və Avropa ölkələri özləri Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyirlər:

"Bildiyiniz kimi, Azərbaycan hazırda 14 Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına üzv 10 ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Eyni zamanda, alternativ və yaşıl enerji layihələrinin həyata keçirilməsi, Xəzər dənizinin dibi ilə yaşıl enerjinin Avropaya ötürülməsini təmin edəcək elektrik xətlərinin çəkilməsi istiqamətində mühüm layihələr gündəmdədir. Bütün bu qlobal layihələr Azərbaycanın liderliyi və fəal iştirakı ilə həyata keçirilir.

Yekun olaraq demək istərdim ki, Avropa Şurası, Avropa Parlamenti və digər qurumlar indiyədək Azərbaycana qarşı nümayiş etdirdikləri qərəzli münasibətə görə hər zaman lazımi cavablarını alıblar və bundan sonra da alacaqlar. AŞPA və Avropa Şurası ilə bağlı məsələyə bir daha qayıdaraq qeyd etmək lazımdır ki, dialoq platformasında münasibətlər qarşılıqlı olmalıdır. Əgər Azərbaycan dialoqa açıqdır və konstruktiv mövqe nümayiş etdirirsə, eyni yanaşma AŞPA və Avropa Parlamenti tərəfindən də sərgilənməlidir. Dialoq birtərəfli ola bilməz. Azərbaycana diktə dili ilə danışmaq heç bir nəticə verməyəcək. Məhz buna görə də cənab prezidentin bu məsələyə dair səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən