"14 iyul Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsidir" - Deputat
"1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkənin inkişaf tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Həmin dövrdən etibarən respublikanın sosial-iqtisadi inkişafı sürətləndi, sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində geniş islahatlara start verildi. Azərbaycanın gələcək müstəqil dövlətçiliyinin möhkəm təməli də məhz həmin illərdə formalaşdırıldı".
Bu barədə Redaktor.az-a deputat Rövşən Muradov 14 iyul – Heydər Əliyevin hakimiyyətə gəlməsi haqqında danışarkən bildirdi.
O əlavə etdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider ölkədə hökm sürən siyasi böhranı aradan qaldırdı, sabitliyi bərpa etdi və dövlət quruculuğu prosesinə başladı:

"“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsi oldu. Ardınca Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin reallaşdırılması ölkənin geosiyasi əhəmiyyətini daha da artırdı, Azərbaycanı Şərqlə Qərb arasında etibarlı enerji tərəfdaşına çevirdi. Bu layihələr ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirməklə yanaşı, beynəlxalq nüfuzunun artmasına da mühüm töhfə verdi. Ümummilli liderin həyata keçirdiyi dövlətçilik siyasətində təhlükəsizlik və ordu quruculuğu xüsusi yer tuturdu. 1994-cü ildə əldə olunan atəşkəs ölkədə sabitliyin təmin edilməsinə, nizami ordunun formalaşdırılmasına, iqtisadiyyatın gücləndirilməsinə və dövlət institutlarının inkişafına əlverişli şərait yaratdı. Məhz həmin dövrdə əsası qoyulan ordu quruculuğu siyasəti sonrakı illərdə Azərbaycanın hərbi gücünün formalaşmasında mühüm rol oynadı.
Heydər Əliyev milli ideologiyanın əsasını təşkil edən Azərbaycançılıq məfkurəsini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Bu ideya cəmiyyətdə milli birliyin möhkəmlənməsinə, dövlətçilik düşüncəsinin güclənməsinə və vətəndaş həmrəyliyinin təmin olunmasına xidmət etdi. Eyni zamanda, elmə, təhsilə, mədəniyyətə və Azərbaycan dilinin qorunmasına göstərilən diqqət ölkənin humanitar inkişafına mühüm töhfə verdi. Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artması, regionun aparıcı dövlətlərindən birinə çevrilməsi, enerji və nəqliyyat layihələrində mühüm rol oynaması, eləcə də güclü dövlət institutlarına malik olması ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurlu nəticələrindən biri kimi qiymətləndirilir".
NURİYYƏ













