"Makron Avropanı uzunmüddətli qarşıdurmaya hazırlayır" - Türkiyəli general
Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələrinə müraciəti zamanı hərbçiləri gələcəyin münaqişələrinə hazırlaşmağa və hazırkı münaqişələrdə qələbəni təmin etməyə çağırıb.
Bəs Makronun bu çağırışındakı əsas məqsəd nədir?
Redaktor.az-a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi ki, Makronun son çıxışı təkcə ölkəsinin Silahlı Qüvvələrinə verilmiş hərbi tapşırıq kimi deyil, eyni zamanda Avropa, Rusiya, ABŞ və NATO-ya ünvanlanmış strateji siyasi mesaj kimi qiymətləndirilə bilər:
"Bu çıxışın arxasında bir neçə əsas amilin dayandığını söyləmək mümkündür. İlk növbədə, Fransa hesab edir ki, Ukraynada müharibə yaxın gələcəkdə başa çatsa belə, Avropada təhlükəsizlik böhranı uzun müddət davam edəcək. Paris artıq yüksək intensivlikli müharibələrin Avropa üçün yenidən real təhlükəyə çevrildiyini qəbul edir. Bu səbəbdən də ordunun sursat ehtiyatlarının artırılması, hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının və ehtiyat qüvvələrinin gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilir. Digər mühüm məqam Avropanın təhlükəsizlik sahəsində ABŞ-dən asılılığının azaldılması və strateji muxtariyyətinin gücləndirilməsidir. Emmanuel Makron uzun illərdir Avropanın öz təhlükəsizliyini müstəqil şəkildə təmin etməsinin vacibliyini vurğulayır. Son çıxışında da Avropa dövlətlərinin ayrı-ayrılıqda deyil, koordinasiyalı şəkildə silahlanmasının zəruriliyini qeyd edib və müdafiə sənayesində mövcud parçalanmanı tənqid edib".

General bildirdi ki, Fransa müdafiə sənayesinin genişləndirilməsi də Parisin əsas prioritetlərindən biridir:
"Son illərdə ölkə "müharibə iqtisadiyyatı" modelinə keçidi sürətləndirir. Müdafiə büdcəsinin artırılması, "Rafale" qırıcılarının, raket sistemlərinin, pilotsuz uçuş aparatlarının və digər hərbi texnikanın istehsalının genişləndirilməsi həm milli təhlükəsizliyin möhkəmləndirilməsinə, həm də müdafiə sənayesinin ixrac potensialının artırılmasına xidmət edir. Makronun çıxışı NATO daxilində liderlik uğrunda gedən rəqabət kontekstində də qiymətləndirilə bilər. Almaniyanın müdafiə xərclərini sürətlə artırdığı bir dövrdə Fransa Avropanın aparıcı hərbi-siyasi güclərindən biri statusunu qorumağa çalışır. Bu baxımdan Makronun mesajı həm də Berlinə və digər Avropa paytaxtlarına Fransanın liderlik rolunu davam etdirməyə hazır olduğu siqnalını verir. Bununla yanaşı, çıxış daxili auditoriyaya hesablanmış mesajlar da ehtiva edir. Prezidentliyinin son ilinə daxil olan Makron Fransa cəmiyyətini daha yüksək müdafiə xərclərinə, ehtiyat qüvvələrinin genişləndirilməsinə və uzunmüddətli təhlükəsizlik risklərinə psixoloji və siyasi baxımdan hazırlamağa çalışır".
Müsahibimiz əlavə etdi ki, Fransanın yaxın perspektivdə hansısa münaqişəyə qoşulması ehtimalı tam istisna oluna bilməz:
"Lakin bunun birbaşa Rusiya ilə genişmiqyaslı müharibə formasında baş verməsi hazırkı şəraitdə daha az ehtimal olunan ssenari kimi görünür. Daha real ehtimallar sırasında Ukraynaya hərbi dəstəyin genişləndirilməsi, hava hücumundan müdafiə sistemləri, qırıcı təyyarələr, raketlər, kəşfiyyat və təlim sahələrində yardımın artırılması yer alır. Eyni zamanda, NATO çərçivəsində Baltikyanı ölkələrdə, Polşada və Finlandiyada Fransa hərbi kontingentinin genişləndirilməsi mümkündür. Fransanın Aralıq dənizi, Afrika və Hind-Sakit okean regionlarında hərbi mövcudluğunu gücləndirməsi, eləcə də kiber və kosmik təhlükələrə qarşı hazırlığını artırması da mümkün istiqamətlər kimi qiymətləndirilir. Makronun çıxışında gələcəyin müharibələrinin yalnız quru əməliyyatları ilə məhdudlaşmayacağına dair mesajlar da hiss olunur".
Yücel Karauzun fikrincə, Makronun bəyanatını müharibə elanı kimi deyil, daha çox çəkindirmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirmək mümkündür:
"Fransa bununla potensial rəqiblərinə göstərmək istəyir ki, Avropa gələcəkdə yalnız ABŞ-nin təhlükəsizlik təminatlarına arxalanmaq niyyətində deyil, öz hərbi imkanlarını və müdafiə sənayesini sürətlə inkişaf etdirərək yüksək intensivlikli təhlükələrə hazır olmağa çalışır. Bu baxımdan Makronun əsas mesajı Avropada sülhün qorunmasının güclü ordular və inkişaf etmiş müdafiə sənayesi vasitəsilə mümkün olduğu düşüncəsinə əsaslanır".
Xədicə BAXIŞLI













