"Azərbaycan regional orta səviyyəli gücə çevrilən ölkələrdəndir" - Vüqar Bayramov
Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi Azərbaycanın orta gücə çevrilməsi ilə bağlı fikirlər ölkənin beynəlxalq mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirdi.
Millət vəkili bildirdi ki, dövlət başçısı forumda bir sıra strateji məqamlara toxunub və onlardan biri də Azərbaycanın regional orta gücə çevrilməsi ilə bağlı olub.
"Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyev bir neçə strateji məqama toxunub. Təbii ki, dövlət başçısının qeyd etdiyi məqamlardan biri də məhz ölkəmizin orta səviyyəli gücə çevrilməsi ilə bağlı idi. Azərbaycan regional orta səviyyəli gücə çevrilən ölkələrdəndir. Regional orta güc məhz regional məsələlərə təsir imkanı olan dövlətlərdir. Bir sıra regionlarda dövlətlər orta güc olaraq həmin bölgədə düzənin formalaşmasına təsir edir, qlobal məsələlərdə söz sahibi olur, qərarların qəbul edilməsi prosesinə də təsir imkanlarına malik olur".
V.Bayramovun sözlərinə görə, Azərbaycan artıq Cənubi Qafqazda yeni regional düzənin formalaşmasında əsas rol oynayan dövlətlərdən biridir.
"Azərbaycan Cənubi Qafqazda yeni düzənin formalaşmasında iştirak edən və bunu formalaşdıran dövlətdir. Məhz Şuşa Forumunda da qeyd olunduğu kimi, Azərbaycan bir tərəfdən regional sülh gündəliyinə töhfə verir, qonşuları ilə münasibətlərin yaxşılaşmasında, regionda sabitliyin qorunmasında maraqlıdır. Digər tərəfdən də Azərbaycan orta güclü dövlət olaraq prosesə dəstək olur.
Azərbaycan eyni zamanda geosiyasi mövqeyə malikdir. Çünki cənab Prezidentin də Şuşa Forumunda qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya praktiki olaraq eyni mədəni və siyasi özəlliklərə malikdir. Ona görə də bu, Azərbaycanı Cənubi Qafqaz ölkəsi olaraq Mərkəzi Asiya ilə Avropa arasında bir körpüyə çevirir. Bu, iki əhəmiyyətli bölgə arasında münasibətlərin yaxşılaşmasına töhfə verir. O baxımdan bütün qeyd edilən meyarlar çərçivəsində Azərbaycan regional güc dövləti olaraq həm regional, həm də bir sıra qlobal proseslərə töhfə vermək imkanına malikdir".
Aytəkin TOFİQQIZI













