Şuşada diqqətçəkən görüş: Slovakiya Prezidentinin səfərinin pərdəarxası
Bildiyimiz kimi, Slovakiya Prezidenti Peter Pelleqrini hazırda Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində bu gün Prezident İlham Əliyevlə geniş tərkibdə görüş keçirilib, tərəflər daha sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Bu səfər iki ölkə arasındakı münasibətlərə necə təsir göstərəcək?
Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elçin Mirzəbəyli Redaktor.az-a bildirdi ki, Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş Azərbaycan-Slovakiya münasibətlərinin növbəti mərhələyə keçidini ifadə edən diplomatik hadisə olmaqla yanaşı, həm də Azərbaycanın son illərdə formalaşdırdığı xarici siyasət konsepsiyasının praktik nəticələrinin nümayişi kimi qiymətləndirilə bilər:
"Bu görüşün əsas özəlliyi onun məhz Şuşada keçirilməsidir. Çünki Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də ölkənin diplomatik gücünün, siyasi iradəsinin və postmünaqişə reallıqlarının təqdim olunduğu mühüm siyasi platformaya çevrilib. Azərbaycanın xarici siyasətində formalaşan yeni ənənə – xarici dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin Qarabağa səfərlərinin təşkili – həm beynəlxalq ictimaiyyətə yeni reallıqların nümayiş etdirilməsi, həm də Azərbaycanın suveren hüquqlarının praktik müstəvidə təsdiqi baxımından xüsusi əhəmiyyət daşıyır".

Onun fikrincə, Peter Pelleqrininin Şuşaya səfəri və burada keçirilən görüşlərdə iştirakı Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyin növbəti ifadəsi kimi qəbul edilə bilər:
"Bu baxımdan, səfərin siyasi çəkisi ikitərəfli münasibətlərin iqtisadi gündəliyindən daha geniş məna daşıyır.
Diqqət çəkən məqamlardan biri Slovakiya Prezidentinin Azərbaycanı regionun sabitliyinin və inkişafının təminatçısı kimi xarakterizə etməsidir. Əslində bu yanaşma son illərdə Avropada formalaşan yeni geosiyasi baxışın tərkib hissəsidir. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi və Orta Dəhlizin artan əhəmiyyəti fonunda Azərbaycan Avropa üçün sadəcə enerji tərəfdaşı deyil, Avrasiya məkanını birləşdirən mühüm geosiyasi mərkəz kimi qəbul edilir. Bu gün Azərbaycanın təşəbbüskarı olduğu layihələr təkcə iqtisadi xarakter daşımır. Orta Dəhliz, Zəngəzur dəhlizi, Xəzər üzərindən formalaşan yeni logistika marşrutları Avrasiyanın siyasi və iqtisadi xəritəsini yenidən formalaşdıran amillər sırasında yer alır. Slovakiyanın bu proseslərə maraq göstərməsi isə Mərkəzi Avropanın yeni nəqliyyat arxitekturasında iştirak etmək niyyətindən xəbər verir".
Siyasətçi qeyd etdi ki, Qarabağın bərpasında Slovakiya şirkətlərinin iştirakı münasibətlərin praktik müstəviyə keçdiyini göstərən mühüm göstəricidir:
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrə xarici tərəfdaşların cəlb olunması təkcə investisiya və texnologiya transferi deyil, həm də siyasi etimad göstəricisidir. Slovakiya məhz bu etimadı qazanan ölkələrdən biri kimi çıxış edir. Görüş zamanı energetika, ticarət-iqtisadi əməkdaşlıq və hərbi-texniki sahələrin prioritet istiqamətlər kimi vurğulanması tərəfdaşlığın çoxşaxəli xarakter aldığını göstərir. Xüsusilə hərbi-texniki əməkdaşlığın gündəmdə yer alması Azərbaycanın Avropa məkanında müdafiə sənayesi əlaqələrini genişləndirmək strategiyasının tərkib hissəsi kimi diqqəti cəlb edir. Bütün bunlar göstərir ki, Azərbaycan-Slovakiya münasibətləri artıq klassik diplomatik münasibətlər çərçivəsini aşaraq strateji tərəfdaşlıq müstəvisinə daxil olur. Şuşa görüşü bu prosesin növbəti mərhələsini müəyyənləşdirən siyasi hadisə kimi tarixə düşə bilər. Qarşıdakı dövrdə tərəflərin əldə olunan siyasi anlaşmaları konkret layihələrə və institusional mexanizmlərə çevirməsi münasibətlərin dayanıqlı inkişafının əsas şərti olacaq".
Millət vəkili, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun digər üzvü Fariz İsmayılzadə isə bildirdi ki, bu səfər ona görə əhəmiyyətlidir ki, Azərbaycan və Slovakiya arasında ikitərəfli münasibətlər daha da dərinləşir:
"Bildiyiniz kimi, ənənəvi olaraq energetika, turizm, investisiyaların genişləndirilməsi, müdafiə sənayesi və digər sahələrdə çox geniş əməkdaşlıq mövcuddur. Slovakiya şirkətləri Azərbaycanda müxtəlif layihələrə cəlb olunur. Eyni zamanda, Slovakiya hökuməti Qarabağda aparılan bərpa işlərində iştirak edir və kəndlərdən birinin bərpasını həyata keçirir. Yəni münasibətlərimiz təhlükəsizlik, energetika, iqtisadiyyat və digər istiqamətlər üzrə hərtərəfli şəkildə genişlənir".

Siyasətçi qeyd etdi ki, səfərin məhz Şuşada baş tutması xüsusi əhəmiyyət daşıyır:
"Bildiyiniz kimi, işğaldan sonra Azərbaycan hökuməti xarici liderlərin Qarabağa səfər etməsinə, burada iclas və görüşlərin keçirilməsinə xüsusi önəm verir. Bu, İlham Əliyevin uzaqgörən baxışının göstəricisidir. Məqsəd Avropa liderlərinin Qarabağa gəlməsi, sammit və görüşlərin burada keçirilməsi, beləliklə də dünya ictimaiyyətinin diqqətinin Şuşaya və burada aparılan bərpa-quruculuq işlərinə yönəldilməsidir.
Məni sevindirən məqamlardan biri də sənədlərin imzalanması mərasiminin dağıdılmış binaların fonunda keçirilməsi oldu. Bu, bir daha Azərbaycan hökumətinin və Prezidentin məqsədinin dünyanın diqqətini işğalın ağır nəticələrinə, törədilmiş vandalizmə və dağıntılara cəlb etmək olduğunu göstərir. Bu baxımdan səfəri hər iki prizmadan çox müsbət qiymətləndirirəm", - deyə Fariz İsmayılzadə yekunlaşdırdı.
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə " Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.
Xədicə BAXIŞLI














