"Dünya Azərbaycanın orta güc statusunu qəbul edir" - Deputat

 18:45 14.07.2026     440

"Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycanın artıq orta gücə çevrilməsi ilə bağlı səsləndirdiyi fikir yüksək qiymətləndirilməlidir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqe və oynadığı rol bir daha onu deməyə əsas verir ki, ölkəmiz həqiqətən də getdikcə orta gücə çevrilməkdədir. Dövlətimizin bu statusu artıq dünyanın aparıcı və inkişaf etmiş ölkələri tərəfindən də qəbul edilir və bu şəkildə dəyərləndirilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov səsləndirdi.

O qeyd etdi ki, beynəlxalq münasibətlər sistemində "orta güc" anlayışı dedikdə, qlobal siyasətə birbaşa təsir imkanlarına malik olmasalar da, sahib olduqları nüfuz sayəsində müəyyən regionlarda və hətta bir neçə bölgədə gedən siyasi proseslərə təsir göstərə bilən dövlətlər nəzərdə tutulur:

"Azərbaycan da məhz bu xüsusiyyətləri ilə seçilən dövlətlərdən biridir. Azərbaycanın Avrasiya məkanında mühüm əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsində yaxından iştirak etməsi, eyni zamanda, həmin layihələrin təşəbbüskarı kimi çıxış etməsi ölkəmizin regional və beynəlxalq çəkisini artırır. Bu gün Azərbaycan Avrasiya üçün strateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat-logistika layihələrinin reallaşdırılmasında əsas rol oynamaqla yanaşı, regionun yeni əməkdaşlıq və təhlükəsizlik arxitekturasının formalaşmasında da mühüm iştirakçıdır".

Müsahibimizin sözlərinə görə, enerji sahəsində əldə olunan uğurlar bunu açıq şəkildə nümayiş etdirir:

"Bu gün Avropa İttifaqına üzv 10 dövlət də daxil olmaqla, ümumilikdə 16 ölkə enerji ehtiyaclarının müəyyən hissəsini Azərbaycandan ixrac olunan təbii qaz hesabına təmin edir. Bu, həmin ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsi, digər mənbələrdən asılılığının azaldılması və enerji müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Enerji müstəqilliyi isə müasir dövrdə siyasi müstəqilliyin əsas dayaqlarından biri hesab olunur və Azərbaycan bu istiqamətdə tərəfdaş ölkələr üçün etibarlı təminatçı rolunu oynayır. Nəqliyyat-logistika sahəsində də Azərbaycan mühüm nailiyyətlər əldə edib. Xüsusilə, Orta Dəhlizin inkişafı istiqamətində görülən işlər ölkəmizin regional tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirib. Bu layihənin əsas seqmentlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat arteriyası kimi çıxış edir. Azərbaycanın əlverişli geostrateji mövqeyi bu layihələrin uğurla həyata keçirilməsinə imkan yaradır və Avrasiya məkanında yeni iqtisadi əlaqələrin formalaşmasına töhfə verir".

Millət vəkili əlavə etdi ki, Azərbaycan Orta Dəhlizin yükdaşıma imkanlarının artırılması istiqamətində ardıcıl addımlar atır:

"Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən nəqliyyat marşrutlarının inkişaf etdirilməsi beynəlxalq münasibətlər sistemində müşahidə olunan gərginliklər və geosiyasi dəyişikliklər fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu proseslərdə Azərbaycan yalnız iştirakçı deyil, həm də təşəbbüskar və aparıcı qüvvə kimi çıxış edir.

Bu gün Azərbaycanın 30-dan çox strateji tərəfdaşa malik olması da ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Müxtəlif dövlətlərin rəhbərlərinin Azərbaycana səfərləri zamanı və beynəlxalq platformalarda ölkəmiz haqqında səsləndirdikləri müsbət fikirlər Azərbaycanın artan rolunu və güclənən beynəlxalq imicini təsdiqləyir. Bununla yanaşı, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının formalaşdırılması, rəqəmsal transformasiya istiqamətində yeni təşəbbüslərin irəli sürülməsi, yaşıl enerji potensialının inkişaf etdirilməsi və bu sahədə yeni ixrac imkanlarının yaradılması Azərbaycanın strateji imkanlarını daha da genişləndirir. Bütün bunlar göstərir ki, ölkəmiz orta gücə malik dövlət statusunu möhkəmləndirmək istiqamətində inamla irəliləyir və beynəlxalq münasibətlər sistemində fəal iştirakçı kimi çıxış edir".

Siyasətçi vurğuladı ki, Azərbaycanın G20 sammitinə dəvət alması da bu reallığın mühüm göstəricilərindən biridir:

"ABŞ-də keçiriləcək G20 sammitində ölkəmizin təmsil olunması Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun və etibarlı tərəfdaş statusunun yüksək qiymətləndirildiyini göstərir. Bu, eyni zamanda, Azərbaycanın əldə etdiyi uğurların dünyanın aparıcı dövlətləri tərəfindən tanındığının və ölkəmizin beynəlxalq proseslərdə artan rolunun növbəti təsdiqidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən