"Xainlərin hesablaya bilmədiyi ən böyük güc türk millətinin sarsılmaz iradəsi olub"

 11:46 15.07.2026     223

"Bu gün FETÖ terror təşkilatının seçilmiş Hökumətimizə, Qazi Məclisimizə və birbaşa xalqımızın iradəsinə qarşı həyata keçirdiyi xain dövlət çevrilişi cəhdinin onuncu ildönümündə bir araya gəlmişik. Həmin qaranlıq gecədə Vətəni uğrunda canını fəda edərək şəhid olan 251 Vətən övladını dərin ehtiramla yad edir, qəhrəman qazilərimizə sonsuz minnətdarlığımı bildirirəm".

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 15 İyul – Demokratiya və milli birlik günü münasibətilə keçirilən tədbirdə deyib.

"2016-cı il iyulun 15-də dövlətimizin ən həssas qurumlarına sızmış xain bir şəbəkə konstitusiya quruluşunu devirməyə və ölkəmizi xaosa sürükləməyə cəhd göstərmişdir. Özünü təhsil, din və ya vətəndaş cəmiyyəti adı altında gizlədən bu beynəlxalq cinayət təşkilatı təkcə Türkiyə üçün deyil, fəaliyyət göstərdiyi bütün ölkələr üçün ciddi milli təhlükəsizlik təhdididir. Son dövrlərdə təşkilat daxilindən yayılan yeni ifşalar da bu qaranlıq və kult xarakterli quruluşun əsl simasını bir daha açıq şəkildə ortaya qoymuşdur.

FETÖ yalnız təbliğat yolu ilə deyil, məkrli planlar, aldatma və casusluq üsulları ilə fəaliyyət göstərən təhlükəli bir təşkilatdır. Unudulmamalıdır ki, bu qurumun yeganə hədəfi Türkiyə deyil. Məkrli gündəliyini həyata keçirmək məqsədilə, xüsusilə xarici ölkələrdə dost simasında aramıza sızmağa, nüfuz qazanmağa və çirkin niyyətlərinə xidmət edən fəaliyyətlərini davam etdirməyə çalışırlar. Buna görə də hamımız hər zaman ayıq-sayıq olmalı və bu təhlükəyə qarşı daim hazırlıqlı davranmalıyıq.

15 iyul xain terror təşkilatının həyata keçirdiyi dövlət çevrilişi cəhdini ilk andan etibarən ən sərt şəkildə pisləyən və ölkəmizin yanında mövqe tutan Prezident Əliyevin rəhbərliyi altında qardaş Azərbaycan xalqına və dövlətinə dərin minnətdarlığımızı bildiririk. Həm həmin qaranlıq gecədə nümayiş etdirdikləri qətiyyətli mövqelə, həm də sonrakı dövrdə qurumlar arasında ən yüksək səviyyədə əməkdaşlıqla "Bir millət, iki dövlət" şüarını bir daha möhkəmləndirən bütün Azərbaycan dövlət qurumlarına təşəkkürümüzü ifadə edirik".

Səfir bildirdi ki, xainlərin hesablaya bilmədiyi ən böyük güc türk millətinin sarsılmaz iradəsi olub.

"15 iyul gecəsi cəmiyyətin bütün təbəqələri bir amal ətrafında birləşərək öz dövlətinə, bayrağına və demokratiyasına sahib çıxmışdır. Milli iradənin təcəssümü olan Türkiyə Böyük Millət Məclisini bombalayan terrorçulara ən layiqli və ən qəti cavabı tankların qarşısını yalın əlləri ilə kəsən xalqımız vermişdir. 15 iyul Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə demokratiyanın, milli iradənin və müstəqilliyinə aşiq bir xalqın şanlı zəfəridir. Türkiyə Respublikası beynəlxalq hüquqdan irəli gələn hüquqlarına əsaslanaraq dövlət və xalq birliyi ilə bu məkrli terror təşkilatına qarşı apardığı uzunmüddətli mübarizəni ölkə daxilində və xaricdə qətiyyətlə davam etdirəcəkdir. Xaricdə fəaliyyət göstərən nümayəndəliklər olaraq biz də bu təhlükəni bütün dünyaya anlatmaqda davam edəcəyik. 15 iyul qəhrəmanları canları bahasına sübut etdilər ki, türk milləti öz müstəqilliyinə qarşı yönələn daxili və xarici heç bir cəhd qarşısında əsla təslim olmayacaqdır. Bu əlamətdar gündə demokratiya və müstəqillik uğrunda mübarizə aparan əziz millətimizin hər bir nümayəndəsinə səmimi təşəkkürümü bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə möhkəm can sağlığı arzulayıram".

Vumart və Güvən reklamı Vumart Güvən