"İsrail də prosesə qoşula bilər" – ABŞ-İran qarşıdurması ilə bağlı yeni proqnoz
"Amerika Birləşmiş Ştatları ilə İran arasında imzalanmış memorandum artıq qüvvədən düşüb. Bundan sonra hərbi əməliyyatların daha böyük şiddətlə davam edəcəyi gözlənilir. Amerika Birləşmiş Ştatları İrana endirilən zərbələrin miqyasını artıracağını bildirir və hətta əvvəllər bəyan etdiyi kimi, körpülərə və elektrik stansiyalarına zərbələr endirmək planını reallaşdıracağını açıqlayır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov ABŞ-İran qarşıdurmasından danışarkən bildirdi.
O əlavə etdi ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri zamanı da İran məsələsi müzakirə olunacaq:
"Hazırda İsrail bu zərbələrdə iştirak etmir. Lakin tamamilə mümkündür ki, yaxın vaxtlarda İsrail də bu prosesə qoşulsun və İranı Amerika Birləşmiş Ştatlarının istədiyi sülhə məcbur etmək məqsədilə daha ağır zərbələrdən, daha güclü raketlərdən və daha təsirli silahlardan istifadə olunsun. Çox təəssüf ki, bu vəziyyətin bu həddə çatmasında hər iki tərəf günahkardır. Onu da qeyd etmək lazımdır ki, memorandumu ilk pozan İran olub. Məhz İranın Hörmüz boğazından keçən gəmilərə zərbələr endirməsindən sonra ABŞ İrana hücum etməyə başladı. Ardınca İran ABŞ-nin bazalarına zərbələr endirdi".

Siyasətçinin sözlərinə görə, münaqişədə yenidən əvvəlki ritorikaya qayıdılıb:
"Tərəflər bir-birini hədələyir, bir-birini qorxutmağa çalışır və hələlik bu prosesin sonu görünmür. Nə İran mövcud reallıqları qəbul etmək istəyir, nə də Amerika Birləşmiş Ştatları irəli sürdüyü sülh planından imtina etməyə və ya onu müəyyən dərəcədə dəyişməyə hazır görünür. Ən əsas məsələ isə Hörmüz boğazından sərbəst keçidlə bağlı beynəlxalq hüququn tələbləridir. İran müxtəlif formalarda bu tələbləri yerinə yetirmək istəmir. Hazırda ən böyük problem də məhz bununla bağlıdır. Qarşıdakı dövrdə ABŞ ilə İran arasında, çox təəssüf ki, diplomatik danışıqlardan daha çox ağır hərbi zərbələrin şahidi olunacağı ehtimal edilir".
Xədicə BAXIŞLI













