"Bir millət, iki dövlət" ruhu 15 İyulda da özünü göstərdi - İsmail Cingöz

 16:57 15.07.2026     360

"15 İyul 2016-cı il gecəsi Türkiyə Cümhuriyyəti tarixinin ən kritik dönüş nöqtələrindən biri kimi yaddaşlara həkk olunub. FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən dövlət çevrilişi cəhdi təkcə seçilmiş hakimiyyəti hədəfə almayıb; Türkiyə Cümhuriyyətinin konstitusiya quruluşunu, milli suverenliyini və demokratik hüquq dövlətini aradan qaldırmağı məqsəd götürüb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli siyasətçi İsmail Cingöz səsləndirdi.

O qeyd etdi ki, çevrilişə cəhd edənlərin hesablamadığı ən böyük güc türk xalqının vətəninə, bayrağına və dövlətinə olan sarsılmaz bağlılığı olub:

"Prezident Rəcəb Tayyib Ərdoğanın xalqı meydanlara səsləməsinin ardından milyonlarla vətəndaş siyasi baxışlarından asılı olmayaraq demokratiyanı və milli iradəni qorumaq üçün küçələrə çıxıb. Təhlükəsizlik qüvvələrinin, Türkiyə Böyük Millət Məclisinin və xalqın ortaq qətiyyəti sayəsində dövlət çevrilişi cəhdi uğursuzluğa düçar olub, Türkiyə demokratiyası tarixinin ən ağır sınaqlarından birini uğurla keçib.

15 İyul türk xalqının təkcə bir dövlət çevrilişinin qarşısını aldığı gün deyil; eyni zamanda dövlətinə, demokratiyasına və milli iradəsinə sahib çıxdığını bütün dünyaya göstərdiyi tarixi demokratiya zəfəri olub. Bu mübarizə millət-dövlət birliyinin və milli həmrəylik ruhunun ən güclü nümunələrindən biri kimi tarixdə öz yerini alıb. Bu tarixi müqavimətin ən mühüm simalarından biri olan şəhid baş gizir Ömər Halisdəmir göstərdiyi misilsiz cəsarət və fədakarlıqla dövlət çevrilişi cəhdinin gedişatını dəyişən qəhrəmanlardan biri olub. Onun timsalında 15 İyul gecəsi vətəni, demokratiyanı və milli iradəni qorumaq uğrunda canından keçən 251 əziz şəhidimizi rəhmət və minnətdarlıqla anır, iki mindən çox qazimizi isə bu dastansı müqavimətin yaşayan qəhrəmanları kimi dərin ehtiramla yad edirik".

Siyasətçi bildirdi ki, bu gün 15 İyul Türkiyə üçün təkcə anım günü deyil; demokratiyaya, müstəqilliyə və milli suverenliyə sahib çıxmaq əzminin rəmzi olub:

"Eyni zamanda bu gün dost və qardaş ölkələrə də mühüm mesaj verib: Dövlətlər yalnız xalqlarının dəstəyi ilə ayaqda qala bilib, milli birlik və ortaq iradə isə hər cür təhdiddən üstün güc olub. Türkiyə ilə Azərbaycanın "Bir millət, iki dövlət" anlayışı çərçivəsində nümayiş etdirdiyi həmrəylik də bu ruhun ən güclü nümunələrindən biri olub. Necə ki, türk xalqı 15 İyul gecəsi dövlətinə sahib çıxıb, Azərbaycan xalqı da Vətən müharibəsində eyni qətiyyət və birlik ruhu nümayiş etdirib".

Müsahibimizin sözlərinə görə, bu ortaq tarixi təcrübələr türk dünyasının gələcəyinin həmrəylik, qardaşlıq və ortaq iradə üzərində qurulacağını açıq şəkildə göstərib:

"15 İyulda nümayiş etdirilən milli mövqe təkcə Türkiyənin demokratiyasını qorumaqla kifayətlənməyib, eyni zamanda türk xalqının tarix boyu müstəqilliyinə, dövlətinə və milli iradəsinə sahib çıxmaq əzminin müasir dövrdəki ən güclü təzahürü kimi tarixə düşüb".

Xədicə BAXIŞLI            

Vumart və Güvən reklamı Vumart Güvən