Trampın İlham Əliyevlə bağlı paylaşımı nəyi göstərir? - Deputat DANIŞDI
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin yer aldığı, “Breitbart News” nəşrində dərc olunmuş məqaləni özünün “Truth Social” sosial şəbəkəsində paylaşıb.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı bu gün dünya mətbuatında böyük əks-səda doğurub:

"Onun aktual məsələlərə dair mövqeyini bildirməsi, bir sıra məsələlərdə çox cəsarətli çıxışı diqqəti cəlb edir. Dünya Azərbaycanın, şəxsən prezidentin timsalında müstəqil siyasət yürüdən, bu gün çaxnaşmalar içərisində özünü itirməyən bir gücü görür. Bunların içərisində Azərbaycan Prezidenti Amerika ilə münasibətlərə dair öz fikrini bildirib. Onun Amerika lideri Donald Trampı sülhsevər insan adlandırması tamamilə düzgündür və dünyanın neçə bölgəsində o, sülhə nail olub. Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması məhz onun təşəbbüsü ilə keçirilib və Prezident Trampın yenə təşəbbüsü ilə bizim Zəngəzur dəhlizi adlandırdığımız bölgədə intensiv nəqliyyat qovşağının açılmasına dəstəyi də bunu bir daha sübut edir.
Görünən ondan ibarətdir ki, Prezident İlham Əliyevin çıxışı xarici kabinetlərdə çox ciddi şəkildə oxunur, qiymət verilir. Trampın sosial şəbəkədə prezidentimizin çıxışı ilə bağlı paylaşım etməsi bir daha sübut edir ki, Azərbaycanın apardığı siyasət Azərbaycanın milli maraqlarına uyğundur. Azərbaycanın xarici siyasəti təkcə ölkəmizin, regionun deyil, dünyada da sülhün və əmin-amanlığın bərqərar olmasına böyük bir dəstəkdir".
Aytəkin TOFİQQIZI













