"Bu münaqişə yalnız tərəflərdən biri tam məğlub olduqda başa çata bilər" - Deputat

 15:51 16.07.2026     349

"ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar aparmaq planlarının olmadığını bildirib. Əlavə olaraq, Tramp bəyan edib ki, İranla razılaşdırılmış 14 bəndlik anlaşma memorandumu artıq qüvvəsini itirmişdir. İran tərəfi də ABŞ-ni ittiham edərək memorandumun şərtlərini pozduğunu və İrana hücum etdiyini bəyan edib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Tural Gəncəliyev səsləndirdi.

Müsahibimiz əlavə etdi ki, İsrailin Baş naziri Benyamin Netanyahu da Vaşinqtona səfər edəcək:

"Biz Netanyahunun əvvəllər Vaşinqtona səfərlər etdiyi və səfərlər ərəfəsində, səfərdən dərhal sonra İrana qarşı yeni hücumların təşkil edildiyinə artıq şahid olmuşuq. Bu dəfə isə Netanyahunun səfəri baş tutmamış hücumlar artıq başlayıb. Hazırda İranın Fars körfəzi və Hörmüz boğazı ətrafında yerləşən sahil şəhərləri – Bəndər-Abbas, Sirik, Qeşm adası, Buşəhr Atom Elektrik Stansiyasının yerləşdiyi Buşəhr şəhəri, eləcə də Xark adası ətrafındakı ərazilər zərbələrə məruz qalır. İran isə cavab olaraq ABŞ-nin müttəfiqlərinin yerləşdiyi Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadakı hərbi bazalara zərbələr endirir".

Siyasətçinin sözlərinə görə, ABŞ-İran qarşıdurması ilə bağlı yaranmış bu Qordiyev düyünü, imzalanmış anlaşma memorandumu və elan edilmiş atəşkəsə baxmayaraq, uzun sürməyəcək:

"Maksimum bir-iki həftəlik nisbi sakitlik müşahidə olunur, lakin sonradan ABŞ və İsrailin yeni hücum planları yenidən üzə çıxır və eskalasiya təkrar başlayır. Çox maraqlıdır ki, bu dəfə artıq Hörmüz boğazının blokadaya alınmasını ABŞ tərəfi diktə edir. Hörmüz boğazının blokadada saxlanılması və İranın bu marşrutdan sərbəst istifadə edə bilməməsi ilə bağlı ABŞ-nin şərtləri mövcuddur. İran isə öz neftini və qazını maneəsiz şəkildə dünya bazarlarına çıxarmaq istəyir. Lakin buna imkan verilmir və nəticədə eskalasiya getdikcə artır".

T.Gəncəliyev qeyd etdi ki, artıq İranın müttəfiqi olan Yəməndəki husilər ilə Səudiyyə Ərəbistanı arasında da toqquşma baş verdi:

"Artıq bu, müharibənin və eskalasiyanın təkcə Fars körfəzi və Hörmüz boğazı ilə məhdudlaşmadığını, Qırmızı dəniz və Babülməndəb boğazına da yayıldığını da göstərir. 

Böyük ehtimalla bu proses Yəmənlə Səudiyyə Ərəbistanı arasındakı qarşıdurmanı daha da dərinləşdirəcək. Eyni zamanda hesab edirəm ki, İsrail Livana qarşı hücumlarını da davam etdirəcək. Bütün bu eskalasiyanın isə Netanyahunun Vaşinqton səfəri zamanı və ya səfərindən dərhal sonra daha da alovlanacağını gözləmək olar. Ümumilikdə hesab edirəm ki, bu münaqişə yalnız tərəflərdən biri tam şəkildə məğlub olduqda başa çata bilər. Hazırkı vəziyyətdə isə nə ABŞ məğlub olduğunu qəbul edir, əksinə, İranı məğlub etdiyini bəyan edir, nə də İran hərbi-siyasi elitasına ağır zərbələr vurulmasına baxmayaraq, məğlub olduğunu qəbul edir. Əksinə, İran hərbi addımları ilə ABŞ-ni daim gərginlikdə saxladığını göstərməyə çalışır. Bu səbəbdən hər iki tərəfin özünü qalib elan etməsi inandırıcı görünmür. Məncə, tərəflərdən biri tam məğlub olub kapitulyasiya etməyənədək bu qarşıdurma davam edəcək və daha çox resursun, daha böyük hərbi güclərin toqquşması ilə müşayiət olunacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən