"İlham Əliyev siyasətə yeni dəyər qazandıran bir prezidentdir" - Hikmət Babaoğlu
"Siyasət klassik mənada daha çox hakimiyyətə gəlmək sənəti hesab edilirsə, bu gün onun da klassik məzmunu və funksiyaları dəyişib. Bu gün siyasət hər şeyi özündə birləşdirməyi bacaran və sonsuz imkanlar açan bir vasitəyə çevrilib. Amma kim bu siyasət alətini necə istifadə edir məsələsinə gəldikdə, siyasətin gözəlliyi əsl peşəkarların əlində olduğu zaman ortaya çıxır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin yer aldığı, “Breitbart News” nəşrində dərc olunmuş məqaləni özünün “Truth Social” sosial şəbəkəsində paylaşmasından danışarkən bildirdi.
"Azərbaycan Prezidenti İlham Əliyev siyasətə yeni dəyər qazandıran bir siyasətçi və prezidentdir. Azərbaycan Prezidenti siyasətə yeni məzmun verən bir prezidentdir. Dövlət başçısı siyasəti sülh vasitəsi, əməkdaşlıq, tərəfdaşlıq vasitəsi kimi görən bir dünya lideridir. Ona görə də mənə elə gəlir ki, Azərbaycan Prezidentinin kodlaşdırdığı, Şuşada kodlaşdırdığı strateji mesajlar bu gün okeanın o tayında, Amerika Birləşmiş Ştatlarında əks-səda doğurur. Siyasət budur", - deyə o vurğuladı.

Millət vəkilinin fikirincə, bu hadisəni biz çox yüksək qiymətləndirməliyik:
"Amma ondan da yüksək, Trampı öz sosial şəbəkəsində bu paylaşımı etməyə vadar edən mənbəni qiymətləndirməliyik. O mənbə isə Şuşadır, o mənbə isə Azərbaycan Prezidentidir.
Ona görə də milli siyasətimizin bu qədər dünyada böyük əhəmiyyət kəsb etməsi, Azərbaycan kimi coğrafi və demoqrafik baxımdan kiçik ölkənin siyasət meydanında bu qədər böyük görünməsi, heç şübhəsiz ki, Azərbaycan Prezidenti ilə əlaqədardır, onun fəaliyyəti ilə əlaqədardır və onun ABŞ kimi bir ölkəni Azərbaycana dost və tərəfdaş edə bilməsi ilə əlaqədardır".
Aytəkin TOFİQQIZI













