"Slovakiyanın Azərbaycanla əməkdaşlıqda marağı yalnız enerji amili ilə məhdudlaşmır" - Deputat

 16:28 17.07.2026     382

"Slovakiya Azərbaycan üçün həqiqətən etibarlı tərəfdaş olmaq istəyir – təkcə Slovakiya kimi deyil, həm də Avropa Birliyinin (AB) üzv dövləti kimi".

Bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada "AnewZ" telekanalı üçün Bakıda doğulmuş tanınmış jurnalist Mixail Qusmana verdiyi eksklüziv müsahibədə Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elçin Mirzəbəyli bildirdi ki, Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada səsləndirdiyi fikirlər, ilk növbədə, Azərbaycan-Slovakiya münasibətlərinin ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq daha geniş geosiyasi və geoiqtisadi kontekstdə qiymətləndirilməsinin zəruriliyini ortaya qoyur:

"Prezidentin “Slovakiya Azərbaycan üçün həqiqətən etibarlı tərəfdaş olmaq istəyir – təkcə Slovakiya kimi deyil, həm də Avropa İttifaqının üzv dövləti kimi” bəyanatı Avropa məkanında formalaşan yeni reallıqların ifadəsi kimi qəbul edilməlidir. Məlum olduğu kimi son illərdə Avropanın enerji təhlükəsizliyi məsələsi əvvəlki dövrlərlə müqayisədə daha strateji xarakter alıb. Azərbaycan isə artıq yalnız enerji ixracatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan tərəfdaşlardan biri kimi çıxış edir. Slovakiya Prezidentinin ölkəsini həm də Aİ üzvü qismində etibarlı tərəfdaş kimi təqdim etməsi, əslində, Bakı ilə Brüssel arasında əməkdaşlığın genişləndirilməsinə marağın göstəricisi hesab oluna bilər".

Millət vəkili vurğuladı ki, Avropada bəzi dairələr subyektiv, əsassız və bir çox hallarda qərəzli mülahizələrlə Bakı ilə əməkdaşlıq imkanlarını məhdudlaşdırmağa çalışdıqları halda, bir sıra dövlətlər Azərbaycanı Cənubi Qafqazda sabitlik yaradan, mühüm nəqliyyat və enerji layihələrinin təşəbbüskarı olan tərəfdaş kimi dəyərləndirirlər:

"Belə ölkələrin sayı isə getdikcə artmaqdadır. Slovakiyanın Azərbaycana münasibətdə mövqeyi də bu xüsusda obyektiv yanaşmanın nümunəsi kimi görünür.

Slovakiyanın Azərbaycanla əməkdaşlıqda marağı yalnız enerji amili ilə məhdudlaşmır. Orta Dəhlizin inkişafı, Avropa ilə Asiya arasında yeni logistika marşrutlarının formalaşdırılması, rəqəmsal və sənaye əməkdaşlığı istiqamətləri də Bratislavanın Bakı ilə münasibətlərə xüsusi önəm verməsinin səbəbləri sırasındadır. Mövcud beynəlxalq şəraitdə nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi Avropa dövlətləri üçün strateji əhəmiyyət daşıyır və Azərbaycan bu prosesdə açar ölkələrdən biri hesab olunur.

Bütövlükdə, Peter Pelleqrininin səsləndirdiyi fikirlər Slovakiyanın Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətinin ifadəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu bəyanat Avropa İttifaqı daxilində Azərbaycanın artan strateji əhəmiyyətinin etirafı, postmünaqişə dövründə yaranmış yeni reallıqlara verilən siyasi qiymət və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə dəstək mesajı kimi diqqət çəkir. Bu baxımdan, Slovakiya Prezidentinin çıxışı gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirən siyasi mesaj xarakteri daşıyır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən