"Slovakiya Prezidenti Şuşada Azərbaycanın mövqeyini açıq şəkildə dəstəklədi" - Azər Allahverənov

 22:14 17.07.2026     599

"Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada səsləndirdiyi fikirlər bir neçə aspektdən olduqca əhəmiyyətlidir. Çıxış protokol xarakteri daşısa da, siyasi, geosiyasi və iqtisadi mesajlarla zəngin idi. Bu baxımdan onun bəyanatları Azərbaycan üçün xüsusi önəm daşıyır. Çünki Slovakiya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür, eyni zamanda ittifaq daxilində daha müstəqil siyasət yürütməyə çalışan dövlətlərdən biridir. Ölkə rəhbərliyi bu istiqamətdə ciddi siyasi iradə nümayiş etdirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Azər Allahverənov səsləndirdi.

Onun sözlərinə görə, Pelleqrininin çıxışında diqqət çəkən məqamlardan biri görüşün məhz Şuşada keçirilməsi və Qarabağla bağlı səsləndirilən fikirlər idi:

"Bu, Avropa İttifaqına üzv bir dövlətin Azərbaycan üçün həssas olan məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə etməsi kimi qiymətləndirilməlidir. Slovakiya Prezidenti Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini yüksək qiymətləndirdi, eyni zamanda sülh prosesinə töhfə verən humanitar fəaliyyətləri xüsusi vurğuladı. Bununla da o, həm də ölkəsinin bu məsələyə münasibətini nümayiş etdirmiş oldu. Azərbaycanın ərazi bütövlüyünün tanınması və beynəlxalq hüquq prinsiplərinin bərqərar edilməsi istiqamətində həyata keçirdiyi siyasətə verilən yüksək qiymət də bu kontekstdə dəyərləndirilməlidir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın həyata keçirdiyi yenidənqurma siyasətinə verilən yüksək qiymət mühüm əhəmiyyət daşıyır. Bu siyasət böyük məqsədlərə xidmət edir və Slovakiya Prezidenti də çıxışında məhz bu məqama xüsusi diqqət ayırdı. Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi siyasətin bütün tərəflər üçün faydalı mühit formalaşdırması, sabit inkişafı təşviq etməsi ilə bağlı idi. Slovakiya Prezidentinin "Azərbaycan sabitliyin və inkişafın qarantıdır" ifadəsini işlətməsi, əslində, beynəlxalq ictimaiyyətə verilən mühüm mesaj kimi qiymətləndirilə bilər. Bu yanaşma Azərbaycanın etibarlı tərəfdaş olmaqla yanaşı, dayanıqlı inkişafın təminatçısı kimi qəbul edildiyini göstərir. Rəsmi Bakının həyata keçirdiyi siyasət regional xarakter daşıyır və regionun gündəliyinin formalaşmasına təsir göstərir. Bu isə qarşılıqlı əməkdaşlıqda maraqlı olan tərəfdaşlar üçün olduqca əhəmiyyətlidir."

Millət vəkili bildirdi ki, digər mühüm element strateji tərəfdaşlığın inkişafı ilə bağlı idi.

"Slovakiya Prezidenti çıxışında iki ölkə arasında bu istiqamətdə geniş imkanların mövcud olduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, Azərbaycan-Slovakiya münasibətləri formal bəyanatlarla məhdudlaşmır və adi diplomatik əlaqələrin çərçivəsini aşır. Bu fikir göstərir ki, münasibətlər siyasi dialoqla yanaşı, iqtisadiyyat, sənaye, enerji, təhsil, humanitar və digər sahələri də əhatə edir. Bütün bunlar strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.

Slovakiya Prezidenti bildirdi ki, enerji sahəsində 2027-ci ildən sonrakı dövr üçün yeni razılaşmalar üzərində iş aparılır və bu əməkdaşlıq Slovakiyanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edəcək. Enerji təhlükəsizliyinin təmin olunması isə ölkənin enerji suverenliyini gücləndirməklə yanaşı, siyasi suverenliyinin möhkəmlənməsinə də töhfə verir. Azərbaycan və Slovakiya arasında münasibətlərin iqtisadi müstəvidə inkişafı da diqqət çəkən məqamlardandır. Slovakiya şirkətlərinin Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində fəal iştirak etməsi iki ölkə arasında əməkdaşlığın praktik nəticələrindən biridir. Bu fakt həm xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, həm də uzunmüddətli tərəfdaşlığın etibarlı təməl üzərində qurulmasına xidmət edir. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın strateji tərəfdaşlarının iştirak etməsi həm ölkəmiz, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır və tərəfdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirir", - deyə o qeyd etdi.

Azər Allahverənovun fikrincə, Slovakiyanın 2027-2028-ci illərdə NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirəcək olması Azərbaycan-NATO münasibətlərinin daha da inkişafına töhfə verə bilər:

"Bu, mövcud əməkdaşlığın genişlənməsi və regional təhlükəsizlik sahəsində yeni əməkdaşlıq istiqamətlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, regional təhlükəsizlik enerji və beynəlxalq nəqliyyat-logistika layihələrinin uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən biridir. Bu istiqamətdə əməkdaşlığın güclənməsi həmin layihələrin təhlükəsizliyini və davamlılığını təmin etməklə yanaşı, Avropa İttifaqı ölkələri və bütövlükdə Avrasiya məkanında əməkdaşlığın genişlənməsinə də töhfə verir.

Bütövlükdə, iki ölkə lideri arasında aparılan danışıqlarda məhz bu istiqamətlər əsas müzakirə mövzularından olub və Slovakiya Prezidentinin çıxışında da geniş yer alıb. Səsləndirilən mesajlar Azərbaycan, Slovakiya, eləcə də bölgədə əməkdaşlıqda maraqlı olan bütün tərəfdaşlar üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən