"Rusiya münasibətlərdə daha diqqətli olmalıdır" - Mübariz Göyüşlü
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri önəmli bir səfər idi. Səfər zamanı mühüm fikirlər və bəyanatlar səsləndirilib".
Bunu Redaktor.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi.
"Azərbaycan mülki təyyarəsinə Rusiyadan edilən hücum, təyyarənin vurulması və oradakı insanların faciəvi şəkildə vəfat etməsindən sonra iki ölkə arasında münasibətlər pisləşmişdi. Artıq biz bu səfərlə və səfər çərçivəsindəki səylərlə münasibətlərdə müəyyən istiləşməni və normallaşmanı görürük", - deyə o qeyd etdi.
Müsahibimizin fikrincə, Ceyhun Bayramovun Rusiyanın baş diplomatı Sergey Lavrovla görüşü müsbət dəyərləndirilməlidir:
"Hesab edirəm ki, Rusiya tərəfi münasibətlərdə və münasibətlərin gələcək inkişafında daha diqqətli və maraqlı olmalıdır. İki ölkə arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin açılması da münasibətlərin bu şəkildə tənzimlənməsi baxımından mümkün variantlar sırasındadır.
Əgər Rusiya tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğu məsələlərdə bundan sonra da daha diqqətli davranacaq və münasibətlərin tənzimlənməsinə uyğun şəkildə addımlar atacaqsa, hesab edirəm ki, münasibətlərin bu şəkildə davam etdirilməsi, aviareyslərin bərpası və yenilərinin açılması mümkün ola bilər".
Aytəkin TOFİQQIZI













