Rusiya Azərbaycanın gücünü artıq qəbul edir - Deputatdan mühüm mesaj
Xəbər verdiyimiz kimi, Xarici İşlər Naziri Ceyhun Bayramov ötən günlərdə Rusiyaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb. Tərəflər arasında siyasi, iqtisadi, nəqliyyat, eyni zamanda regional və beynəlxalq təhlükəsizlik məsələləri daxil olmaqla, Azərbaycan-Rusiya ikitərəfli gündəliyi müzakirə edilib.
Milli Məclisin deputatı Tural Gəncəliyev Redaktor.az-a açıqamasında bildirdi ki, Ceyhun Bayramovun son Rusiya səfəri və Azərbaycan-Rusiya münasibətlərinin konstruktiv çərçivədə inkişafı, Azərbaycanın öz milli maraqlarını, dövlət maraqlarını diplomatiya, siyasi metodlarla ən yaxşı şəkildə həm təlqin etməsi, təşviq etməsi, həm də qoruması bizim son zamanlar cənab Prezident İlham Əliyevin liderliyi altında apardığı Azərbaycanın konstruktiv ölkə imicinə uyğundur:
"Bildiyiniz kimi, regionumuz çox çətin, çox mürəkkəb bir regiondur, coğrafiyamız çox çətin coğrafiyadır. Həm Rusiya-Ukrayna müharibəsi, həm İranda gedən müharibə və bu kontekstdə Azərbaycanın belə bir çətin coğrafiyada məhz siyasi, diplomatik ağıllı gedişlərlə öz maraqlarını həm qoruması, həm qonşu ölkələrlə münasibətlərini praqmatik tutması bizim ölkənin həm də gücünün göstəricisidir. Çünki belə bir coğrafiyada, xüsusilə də Rusiya, İran kimi ölkələrlə qonşu olan Azərbaycanın həyata keçirdiyi siyasi, diplomatik addımlar çox ağıllı, çox müdrik xarici siyasət qurulmasını, aparılmasını tələb edir.
Azərbaycanın və Rusiya xarici işlər nazirlərinin son görüşləri də, təbii ki, ölkələrimizin siyasi, iqtisadi, ticarət, ikitərəfli gündəliyində çox böyük məsələlər var, görüş onların müzakirəsi üçün əlavə imkan yaratdı. Həm də Azərbaycan hal-hazırda Şərq-Qərb Orta Dəhliz marşrutu ilə yanaşı, həm də Şimal-Cənub marşrutunun əvəzedilməz ölkəsidir. Rusiya da Azərbaycanın bu baxımdan önəmini başa düşür, Azərbaycanın siyasi, diplomatik çəkisinin, gücünün nə olduğunu başa düşür. Biz neçə vaxtlardır deyirik, Azərbaycan bir orta güc ölkəsi kimi özünü təqdim edir, onsuz bizim Rusiya kimi böyük qonşu ölkə də bunu başa düşür. Ona görə də bu, bir daha fürsət verir ki, Azərbaycan-Rusiya münasibətləri istər nazirlər, istər prezidentlər arasında, istər digər parlamentarlar arasında, digər görüşmələr zamanı gündəlikdə olan məsələlər müzakirə edilsin və bir növ əqrəblər uyğunlaşdırılsın".
Millət vəkili vurğuladı ki, biz bu görüşlərə, bu səfərlərə müsbət baxırıq, beləliklə də belə bir çətin coğrafiyada ağıllı diplomatiya, müdrik siyasət daha çox effektiv, daha çox lazımdır:
"Dünyanın elə coğrafiyaları var ki, tutaq ki, Avropa İttifaqı, Qərb və digər regionlarda, çox ciddi problemlərlə üzləşməyən Avropa İttifaqı üzv ölkələri üçün bəlkə də dərin diplomatik, strateji vizion instinktləri heç yoxdur, formalaşmayıb. Çünki çətin vəziyyətlər, çətin regionda yerləşmək ölkələri, onların güclü liderlərinin olmasını vacib edir ki, belə bir çətin coğrafiyada siz uğurlu siyasət apara biləsiniz. Azərbaycan, məsələn, Avropa İttifaqı və digər daha inkişaf etmiş böyük ölkələr kontekstində məhz özünü ona görə orta güc kimi təqdim edir ki, bizim istər Rusiya ilə, istər İran, istər digər güc mərkəzləri olan Çin, Amerika Birləşmiş Ştatları və digər güclərlə praqmatik münasibətlərimiz qurulmuşdur. Ona görə də Azərbaycanla hamı əməkdaşlıq etmək istəyir, Rusiya da istisna deyil".
Aytəkin TOFİQQIZI













