ABŞ-İran qarşıdurması nə vaxt bitəcək?

 17:04 20.07.2026     386

İran ABŞ ilə münasibətlərdə yaranmış gərginliyin azaldılması məqsədilə vasitəçilər tərəfindən irəli sürülən təklifləri nəzərdən keçirdiyini və qəbul etdiyini açıqlayıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

Bəs tərəflər arasında gərginliyin azalması gözləniləndir?

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, İranın ABŞ tərəfindən irəli sürülən təklifləri və yaxud da tələbləri qəbul etmək qərarına gəlməsi, təbii ki, iki ölkə arasındakı hərbi-siyasi gərginliyi nisbətən aşağı sala bilər:

"Əgər rəsmi Tehran həqiqətən də belə bir addım atıbsa, o zaman böyük ehtimalla Ağ Evdən də buna analoji qarşılıq verilə bilər. Ancaq burada önəmli olan məqam ondan ibarətdir ki, İran tərəfi ABŞ-nin hansı tələblərini qəbul edib, hansıları qəbul etməyib. Yəni bu, önəmli məsələdir. Hələlik bu məsələ ilə bağlı tam aydınlıq mövcud deyil. Onu da qeyd etmək lazımdır ki, Ağ Evin əsas tələbləri sırasında İranın nüvə proqramlarının ləğv olunması ilə bağlı israrlı şərtlər mövcuddur. Rəsmi Tehran isə indiyə qədər bu tələbləri yerinə yetirməkdən imtina edirdi".

Elçin Xalidbəyli: Forum qlobal müstəvidə Azərbaycanın önəmli və açıq  mesajlarını əks etdirir – ÖZƏL

Siyasi şərhçi qeyd etdi ki, son vaxtlar baş verən hadisələr ABŞ-nin İranla bağlı daha sərt mövqedən çıxış etməsinə səbəb olub:

"Xüsusilə də İranın cavab zərbələri və ABŞ əsgərləri sırasındakı itkilər Ağ Evin daha genişmiqyaslı savaş barədə planlar qurmasına yol açıb. Bu baxımdan, hələlik iki tərəf arasında münasibətlərin normallaşma ehtimalı və gərginliyin aşağı düşmə ehtimalı o qədər də inandırıcı görünmür. Yəqin ki, yaxın günlərdə Ağ Evdən verilən bu barədə açıqlamalar ümumi situasiyaya müəyyən aydınlıq gətirə biləcək. Bunu da yəqin ki, yaxın vaxtlarda müşahidə etmək mümkün olacaq. Amma ümumi götürdükdə, ABŞ-İran qarşıdurmasının yaxın vaxtlarda nizamlanacağı qətiyyən inandırıcı görünmür".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən