Prezidentin Almaniyaya səfəri Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir - Deputat
"Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm siyasi hadisədir. 2004-cü ildə Prezidentin Almaniyaya ilk rəsmi səfəri ilə başlanan ali səviyyədə siyasi dialoq bütün federal kanslerlər və federal prezidentlərlə davam etdirilmişdir. Federal Kansler Fridrix Mertsin dəvəti ilə baş tutan bu səfər Prezident İlham Əliyevə göstərilən yüksək etimadın, ölkəmizə etibarlı tərəfdaş kimi verilən dəyərin göstəricisidir. Rəsmi və işgüzar səfərlərin sayına görə 18-ci olan bu səfər Bakı və Berlin arasında yüksək səviyyəli dialoqun intensivliyini bir daha təsdiqləyir. 2018-ci ilin avqustunda Federal Kansler Angela Merkel, 2025-ci ilin aprelində Federal Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana etdiyi səfərlər də ikitərəfli münasibətlərin inkişafına verilən əhəmiyyətin göstəricisidir. Prezident İlham Əliyev həm də beynəlxalq Münxen Təhlükəsizlik Konfransında məmnuniyyətlə dəvət edilən və dinlənilən ali qonaqlar arasında yer alır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan–Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rizvan Nəbiyev səsləndirdi.
O qeyd etdi ki, İlham Əliyevin Almaniyaya iyulun 20-də başlayan bu rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir:
"Səfər Azərbaycan–Almaniya əməkdaşlığının geniş gündəliyini əhatə etməklə yanaşı, Avropa ilə tərəfdaşlığımızın daha da dərinləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu səfər həm də Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin möhkəmlənməsinə, enerji tədarükü və təhlükəsizliyi, logistika, investisiya və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə töhfə kimi dəyərləndirilir. Azərbaycanın ərazisinin işğalına son qoyması ilə ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra regionda yaranmış yeni siyasi reallıqlar həm ikitərəfli münasibətlər, həm Avropa İttifaqı ilə münasibətlər kontekstində, eləcə də Almaniya və Avropa İttifaqının Mərkəzi Asiya ilə intensivləşən iqtisadi ticarət əlaqələri prizmasında əməkdaşlıq və tərəfdaşlıq üçün unikal imkanlar yaratmışdır. Burada Orta Dəhliz, Azərbaycanın yaratdığı infrastrukturla təklif etdiyi tranzit imkanlar Berlin və Brüssel üçün olduqca əhəmiyyətlidir. Yaxın Şərqdəki hərbi gərginlik, Rusiya–Ukrayna müharibəsi Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə münasibətlərini yeni siyasi reallıqlar kontekstində təftiş etməyə, yeni çağırışları nəzərə almağa vadar edir".
Siyasətçi qeyd etdi ki, Almaniya Azərbaycanın Avropada əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir:
"İki ölkə arasında siyasi dialoq, iqtisadiyyat, enerji, sənaye, nəqliyyat, logistika, təhsil və humanitar sahələrdə əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Almaniyada da yüksək qiymətləndirilir. Bugünkü geosiyasi şəraitdə əməkdaşlığın yaşıl enerji, hidrogen iqtisadiyyatı, rəqəmsal transformasiya, süni intellekt, yüksək texnologiyalar, sənaye kooperasiyası, Orta Dəhliz və logistika kimi yeni istiqamətlər üzrə genişləndirilməsi üçün böyük imkanlar yaranıb".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən etibarlı nəqliyyat və enerji qovşağı kimi Almaniya biznesi üçün də cəlbedici tərəfdaşdır:
"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də yaşıl enerji layihələri alman şirkətlərinin iştirak edə biləcəyi perspektivli sahələrdir.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin bu rəsmi səfəri siyasi dialoqun daha da möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və Azərbaycan–Almaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasına mühüm töhfə verəcək. Bu, həm də Azərbaycanın Avropa ilə praqmatik, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan əməkdaşlıq siyasətinin növbəti uğurlu təzahürüdür".
Xədicə BAXIŞLI













