Almaniya ilə əməkdaşlıq Qarabağa da şamil olunacaq - Asim Mollazadə
İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.
Milli Məclisin deputatı Asim Mollazadə Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya uğurlu səfəri, rəhbərlik və biznes dairələrinin nümayəndələri ilə görüşləri ölkələrarası çoxşaxəli münasibətlərin inkişafına xidmət edəcək:
"Təbii olaraq, Almaniya Azərbaycanı Cənubi Qafqazın mərkəzi kimi qəbul edir və gələcəkdə bizim münasibətlərimiz sadəcə enerji layihələri üzərində deyil, çoxşaxəli iqtisadi münasibətlərin inkişafına və Azərbaycana investisiyaların genişlənməsinə yönələ bilər. Almaniya şirkətləri Azərbaycanda yeni texnologiyaların inkişafına xidmət edə, öz investisiyaları ilə Azərbaycan sənayesini gücləndirə bilər və mənə elə gəlir ki, Azərbaycan-Almaniya münasibətlərinin güclənməsi, şaxələnməsi gələcəyə xidmət edən çox ciddi bir amildir".
Millət vəkili Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanmasına da münasibət bildirdi:
"Almaniya çox güclü iqtisadi sistemə və texnologiyalara malikdir. Almaniya şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirərək Azərbaycan iqtisadiyyatını daha da gücləndirə bilər. Azərbaycan-Almaniya münasibətləri, əminəm ki, təkcə paytaxt və onun ətrafında deyil, Qarabağda və Azərbaycanın bir sıra bölgələrində də əməkdaşlığın genişlənməsinə xidmət edəcək".
Aytəkin TOFİQQIZI













