Avropanın aparıcı dövləti Azərbaycana niyə yaxınlaşır? - Deputatdan AÇIQLAMA

 17:38 21.07.2026     444

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfər etməsi mövcud geosiyasi şəraitdə olduqca mühüm səfərdir. Xüsusilə də nəzərə alsaq ki, Avropa İttifaqının aparıcı dövlətlərindən biri məhz Almaniyadır. Almaniya digər Avropa ölkələrindən fərqli olaraq daha sabit xarici siyasət kursuna malikdir və daha çox iqtisadi əməkdaşlığın, qarşılıqlı tərəfdaşlığın inkişaf etdirilməsində maraqlı olan ölkə kimi çıxış edir. Bu baxımdan Almaniyanın Cənubi Qafqaza yanaşması da fərqlənir. Burada ölkələrin daxili işlərinə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi prinsipi daha qabarıq şəkildə özünü göstərir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov səsləndirdi.

"Azərbaycan üçün də bu səfər xüsusi əhəmiyyət kəsb edir. Çünki Almaniya hazırda Azərbaycanın təbii qaz ixrac etdiyi Avropa İttifaqına üzv 10 ölkədən biridir. Eyni zamanda, qaz ixracının artırılması istiqamətində konkret planlar mövcuddur. Azərbaycanla Almaniya arasında imzalanmış, 10 illik dövrü əhatə edən qaz ixracı strategiyası da bu istiqamətdə əməkdaşlığın əsasını təşkil edir. Həmin sənəd çərçivəsində Almaniyaya ixrac olunan təbii qazın həcminin mərhələli şəkildə artırılması nəzərdə tutulur. Bütün bunlar göstərir ki, Azərbaycan–Almaniya münasibətləri enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq üzərində formalaşan strateji tərəfdaşlıq xarakteri daşıyır", - deyə o qeyd etdi.

Müsahibimiz əlavə etdi ki, yaşıl enerji, rəqəmsal texnologiyalar və digər perspektivli istiqamətlər üzrə də iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı siyasi iradə mövcuddur:

"Bu, indiyədək ən yüksək səviyyədə keçirilən görüşlərdə dəfələrlə öz təsdiqini tapıb və həmin istiqamətlər üzrə əməkdaşlıq üçün müsbət siyasi mühit formalaşıb. Nəticə etibarilə, Avropa İttifaqı müstəvisində Almaniya Azərbaycan üçün mühüm tərəfdaşdır. Eyni zamanda, Azərbaycan da Almaniya üçün həm Cənubi Qafqazda maraqlarının təmin olunması, həm də Mərkəzi Asiya respublikalarına çıxış baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə də Azərbaycan üzərindən həyata keçirilən inteqrasiya layihələrinə alman şirkətlərinin cəlb olunması və Almaniyanın bu proseslərdə fəal iştirak etməsi hər iki ölkənin milli maraqlarına cavab verir".

Deputat vurğuladı ki, burada əsas amillərdən biri iqtisadi əməkdaşlığa verilən üstünlükdür.

"Məhz bu yanaşma Cənubi Qafqazda həyata keçirilən iri layihələrin regionun geosiyasi əhəmiyyətini artırdığı indiki şəraitdə xüsusi aktuallıq kəsb edir. Almaniya hökuməti də bu məqamı diqqətlə qiymətləndirir və əməkdaşlığın inkişafına bu prizmadan yanaşır. Digər mühüm məqam isə iki xalq arasında mövcud olan tarixi-humanitar əlaqələrdir. Azərbaycan ərazisində vaxtilə çoxsaylı alman icmaları fəaliyyət göstərib. Bir əsr əvvəl alman şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməsi, su dəyirmanları və o dövr üçün qabaqcıl Qərb texnologiyalarının ölkəmizə gətirilməsində alman icmalarının mühüm rol oynaması bunu bir daha təsdiqləyir. Bu tarixi bağlar bu gün də siyasi dialoqun inkişafına müsbət təsir göstərən amillərdən biridir.

Məhz bu humanitar təməl üzərində siyasi, iqtisadi, elmi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Bu potensial iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafı baxımından olduqca vacib və strateji əhəmiyyət daşıyan bir səfərdir", - deyə A. Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən