Almaniya ilə strateji əməkdaşlıq Azərbaycanın mövqeyini daha da gücləndirəcək - Jalə Əliyeva

 17:23 21.07.2026     455

"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın Avropa ilə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfərin məhz indiki geosiyasi şəraitdə baş tutması təsadüfi deyil. Azərbaycan son illərdə Cənubi Qafqazın əsas siyasi və iqtisadi aktoruna çevrilib, Almaniya isə Avropa İttifaqının aparıcı dövləti kimi regionda sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat marşrutları ilə bağlı maraqlarını gücləndirməyə çalışır. Prezident İlham Əliyev iyulun 20-də axşam saatlarında rəsmi səfərlə Berlinə gəlib və hava limanında dövlət protokoluna uyğun şəkildə qarşılanıb".

Bu fikirləri Redaktor.az-a Azərbaycan–Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Jalə Əliyeva Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərindən danışarkən səsləndirdi.

Millət vəkilinin sözlərinə görə, bu səfəri bir neçə istiqamətdə dəyərləndirmək olar:

"Birincisi, enerji təhlükəsizliyi. Almaniya Rusiyadan enerji asılılığını azaltmaq istiqamətində alternativ mənbələrə üstünlük verir. Azərbaycanın Avropanın etibarlı qaz təchizatçılarından biri kimi mövqeyi daha da möhkəmlənib. Bu baxımdan Berlinlə Bakı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir.

İkincisi, Orta Dəhliz və nəqliyyat-logistika məsələsidir. Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Avropa marşrutu qlobal ticarətin mühüm hissəsinə çevrilməkdədir. Almaniya sənaye və ixrac yönümlü iqtisadiyyata malik olduğundan bu marşrutun inkişafında maraqlıdır. Azərbaycan isə bu dəhlizin əsas tranzit mərkəzlərindən biri kimi strateji əhəmiyyətini artırır.

Üçüncüsü, Cənubi Qafqazda sülh prosesidir. Almaniya regionda davamlı sabitliyin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış yeni reallıqlar fonunda Berlinin Bakı ilə birbaşa dialoqa üstünlük verməsi regionun gələcəyi baxımından mühüm siyasi mesaj hesab oluna bilər.

Dördüncüsü, iqtisadi və texnoloji əməkdaşlıqdır. Almaniya yüksək texnologiyalar, yaşıl enerji, sənaye, peşə təhsili və rəqəmsallaşma sahələrində dünyanın aparıcı ölkələrindən biridir. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi strategiyası bu istiqamətlərdə Almaniya təcrübəsindən və investisiyalarından faydalanmaq üçün yeni imkanlar yarada bilər".

J.Əliyeva bildirdi ki, səfərin digər mühüm tərəfi onun diplomatik simvolizmidir:

"Son illər Prezident İlham Əliyevin dünyanın aparıcı dövlətlərinə və beynəlxalq platformalara ardıcıl səfərləri Azərbaycanın xarici siyasətdə artan rolunu nümayiş etdirir. Almaniyaya rəsmi səfər də göstərir ki, Avropanın aparıcı dövlətləri Azərbaycanla münasibətləri təkcə enerji sahəsində deyil, daha geniş strateji əməkdaşlıq müstəvisində inkişaf etdirmək niyyətindədir.

Bu səfər Azərbaycan–Almaniya münasibətlərinin dərinləşdirilməsi, Avropa ilə siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Azərbaycanın regional lider kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçiriləcək görüşlər və imzalanacaq sənədlər bu strateji münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən biri olacaq".

Xədicə BAXIŞLI                          

Vumart və Güvən reklamı Vumart Güvən