"İranın zəifləməsi Türkiyə və Azərbaycan üçün də riskdir" - Türkiyəli politoloq
"İranın xarici işlər naziri Abbas Əraqçinin səsləndirdiyi fikirlər Türkiyə ilə İran arasında ictimaiyyətə açıqlanmayan təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının zaman-zaman düşünüldüyündən daha dərin ola biləcəyinə işarə edir. Əgər bu açıqlama həqiqəti əks etdirirsə, deməli, Türkiyə yalnız öz sərhəd təhlükəsizliyini deyil, eyni zamanda regionda mövcud dövlət sərhədlərinin qorunmasını prioritet hesab edən siyasət yürüdüb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz səsləndirdi.
"Türkiyənin uzun illərdir əsas təhlükəsizlik yanaşması ondan ibarətdir ki, İraq və Suriyadan sonra İranda da etnik əsaslı yeni dövlətçilik prosesinin başlaması bütün regionda sabitliyi poza bilər. Ankara PKK, PJAK və digər oxşar silahlı qrupları təkcə İran üçün deyil, həm də Türkiyənin milli təhlükəsizliyi baxımından ciddi risk kimi qiymətləndirir. Bu səbəbdən Türkiyənin İranın ərazi bütövlüyünü dəstəkləməsi təkcə Tehrana verilən siyasi dəstək deyil, eyni zamanda Ankaranın milli təhlükəsizlik strategiyasının təbii nəticəsidir. Bu proses Cənubi Qafqaz baxımından da mühüm əhəmiyyət daşıyır".
Müsahibimiz əlavə etdi ki, İranın zəifləməsi və ya parçalanması təkcə bu ölkəyə deyil, həm də Türkiyə, Azərbaycan, İraq və ümumilikdə Cənubi Qafqazda qüvvələr balansına ciddi təsir göstərə bilər:
"Belə bir ssenaridə yaranacaq hakimiyyət boşluğu terror təşkilatlarının və xarici güclərin müdaxiləsi üçün yeni böhran ocaqlarının formalaşmasına zəmin yarada bilər. Türkiyənin bu məsələyə münasibəti son illərdə daha da aydınlaşıb. Ankara qonşu ölkələrin sərhədlərinin zor gücü ilə dəyişdirilməsinə qarşı çıxır və regional sabitliyi əsas götürən təhlükəsizlik arxitekturasını müdafiə edir. Əraqçinin dedikləri doğrudursa, bu, Türkiyənin təkcə öz təhlükəsizliyini deyil, bütövlükdə regional nizamı qorumağa yönəlmiş strateji yanaşmasının İran tərəfindən də təsdiqlənməsi kimi qiymətləndirilə bilər. Çünki İranın parçalanması Türkiyənin şərq sərhədlərində yeni terror dəhlizlərinin yaranması, milyonlarla yeni miqrantın meydana çıxması, enerji marşrutlarının risk altına düşməsi və bütövlükdə Yaxın Şərqdə geosiyasi nizamın yenidən formalaşması demək olardı. Ankara üçün məsələ yalnız İranı qorumaq deyil, həm də öz milli təhlükəsizliyini və regionda sabitliyi təmin etməkdir".
Xədicə BAXIŞLI













