“Türkiyə ilə hərbi qarşıdurma İsrail üçün riskli ssenaridir” - AÇIQLAMA

 17:45 23.07.2026     438

İsrailin Diaspor İşləri və Antisemitizmlə Mübarizə naziri Amiçay Tsikli dənizdə Türkiyə ordusu ilə birbaşa qarşıdurmanın mümkünlüyü barədə açıqlama ilə çıxış edib. 

Bəs yaxın zamanda İsrailin Türkiyəyə hücumu mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi ki, İsrailin Diaspor İşləri və Antisemitizmlə Mübarizə nazirinin açıqlaması mümkün gərginlik və ya münaqişə riskinə toxunsa da, bu, İsrail ordusunun Türkiyəyə hərbi hücum edəcəyi anlamına gəlmir:

"Üstəlik, İsrail ordusunun hərbi planları və ya potensial əməliyyatları ilə bağlı qərarlar Diaspor İşləri və Antisemitizmlə Mübarizə nazirinin səlahiyyətlərinə aid deyil. Beynəlxalq səviyyədə qəbul olunan reallıq ondan ibarətdir ki, Türkiyə ordusu dünyanın ən güclü və ən döyüş qabiliyyətli silahlı qüvvələrindən biri hesab olunur. Məhz buna görə də Türkiyə ilə birbaşa hərbi qarşıdurma hətta böyük dövlətlərin belə üstünlük verdiyi ssenarilər sırasında deyil. Bu baxımdan, İsrailin Türkiyəyə qarşı hərbi əməliyyatlara başlaması ehtimalı aşağı qiymətləndirilə bilər".

Abutalıb Səmədov: “Ukraynanın son uğurları dönüş nöqtəsi sayıla bilməz”

Politoloqun sözlərinə görə, bu məsələdə ABŞ amili də xüsusi əhəmiyyət daşıyır.

"İsrail təhlükəsizlik və xarici siyasət sahəsində atdığı bir çox mühüm addımları Vaşinqtonla koordinasiya edir. Hazırkı ABŞ administrasiyasının Türkiyə və onun rəhbərliyi ilə münasibətləri də məlumdur və bu amil mümkün eskalasiya ehtimalını azaldan faktorlar sırasında qiymətləndirilə bilər. Digər tərəfdən, Türkiyənin beynəlxalq nüfuzu, regional təsiri və hərbi potensialı həm İsrail, həm də digər dövlətlər tərəfindən yaxşı qiymətləndirilir. Bu səbəbdən yaxın perspektivdə İsrailin Türkiyəyə qarşı birbaşa hərbi hücuma əl atacağı ehtimalı real görünmür. Əksinə, ABŞ-nin qarşıdakı dövrdə Türkiyə-İsrail münasibətlərində gərginliyin azaldılması istiqamətində diplomatik səylərini artıracağı ehtimalı daha yüksək qiymətləndirilə bilər. Çünki iki ölkə arasında qarşıdurmanın dərinləşməsi Vaşinqtonun regional maraqlarına uyğun deyil. Bir tərəfdən Türkiyə ABŞ-ın NATO daxilində ən mühüm müttəfiqlərindən biridir, digər tərəfdən isə İsrail ABŞ-nin NATO üzvü olmayan ən yaxın strateji tərəfdaşlarından hesab olunur. Bu baxımdan, Vaşinqton üçün hər iki ölkə arasında münasibətlərin sabit və idarəolunan səviyyədə saxlanılması strateji əhəmiyyət daşıyır", - deyə A.Səmədov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən