"Zelenski Trampla məsələləri razılaşdıracaq" - ŞƏRH

 15:59 24.07.2026     381

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də ABŞ-yə səfər edəcək. Səfər çərçivəsində Zelenskinin amerikalı həmkarı Donald Trampla görüşü planlaşdırılır.

Qeyd edək ki, iyulun 23-də Zelenski ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması üzrə bir neçə yeni təklif hazırladığını açıqlamışdı. Ukrayna lideri bu təklifləri müzakirə etmək üçün artıq gələn həftə Vaşinqtona səfər edə biləcəyini bildirmişdi.

Bəs tərəflərin görüşündən hansısa nəticələrin əldə oluna bilmə ehtimalı varmı?

Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, Rusiya-Ukrayna müharibəsi artıq beşinci ildir davam edir və son bir neçə ayda daha da kəskinləşib. Onun sözlərinə görə, müharibənin dayandırılması üçün edilən cəhdlər isə nəticə vermir:

"Artıq müharibə Rusiyanın daxilində də hiss olunur. Əhali bundan narazıdır, böyük dağıntılar var. Rusiya dünyaya yanacaq satdığı halda, artıq özü xaricdən benzin almaq məcburiyyətində qalıb. Yəni Ukrayna dronları onların neft emalı zavodlarının üçdə ikisini, demək olar ki, məhv edib, yandırıb. Çoxlu yanacaq məntəqələri dağılıb. Logistikanı da bombalarla, dronlarla partladaraq pis günə salıblar. Belə bir gərginlik yaranıb. Yəni Rusiyanı sülhə məcbur etmək üçün tədbirlər keçirilir.

Əlbəttə, Rusiya da sülhə razılıq vermir. Çünki onlar öz məqsədlərinə çatmaq üçün çalışırlar və bildirirlər ki, Donbas mütləq tam olaraq Rusiyaya verilməlidir. Buna isə Ukrayna razı olmadı. Yadınızdadır ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gələndə hətta ukraynalı həmkarı Volodimir Zelenskini diktator adlandırdı. Zelenskidən xoşu gəlmirdi. Zelenskini hətta Ağ Evdən, demək olar ki, qovmuşdu. Çünki Zelenski Trampın dedikləri ilə razı olmadı, yəni Donbasdan çıxmadı. Trampla Putin arasındakı görüşdə də məhz bu razılaşdırılmışdı ki, ABŞ Ukraynaya təzyiq edəcək və onlar Donbası tam bütövlükdə təhvil verəcəklər. Ondan sonra isə danışıqlar ola bilər.

Ancaq, təbii ki, buna da Ukrayna razı olmadı və sonradan artıq Qərbin dəstəyi ilə Trampı fikrindən döndərə bildilər. Tramp artıq keçən ay Fransada keçirilən G7 görüşündə Rusiyaya qarşı yeni sanksiyaların qəbul olunmasına və Ukraynanın son zamanlar dron döyüşlərində qazandığı qələbələrə sevindiyini bildirdi. Elə bu günlərdə də Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini tətbiq etdi. Bu, əsasən, onların kölgə iqtisadiyyatına, kölgə donanmasına ciddi zərər vuracaq. Xaricə onların mallarının satılmasına, eləcə də yanacaq aldıqları ölkələrə ABŞ əlavə rüsumlar tətbiq edəcək. Bütün bunlar, təbii ki, Rusiyanı daha da gücdən salacaq".

Siyasi şərhçinin fikrincə, Rusiya artıq düşdüyü bataqlıqda çabalaya-çabalaya daha da batır, iqtisadi cəhətdən zəifləyir:

"Artıq Rusiyanın yeni səfərbərlik elan etməyə başlayacağı haqqında da məlumatlar var. Ancaq sentyabrda Duma seçkiləri keçiriləcəyinə görə bunu hələlik saxlayıblar və seçkilərdən sonra, yəqin ki, geniş səfərbərlik elan olunacaq.

Bu da hazırda Rusiyanın daxilində böyük narazılıqlara səbəb olur. Artıq sosial şəbəkələrdə Rusiyanın rəhbərliyi tənqid olunur, təhqir olunur. Çünki Rusiyada ölənlərin sayı da çoxdur. Milyondan artıq ölənlər var. Bütün bunları nəzərə alaraq, Zelenski çalışır ki, müharibə tezliklə cəbhədə olduğu yerdə dayandırılsın, danışıqlara gedilsin. Yəni Zelenski bildirir ki, istəmirik ki, bundan sonra da insanlar qırılsın, məhv olsun. Buna da artıq Avropa ölkələri razıdır və ABŞ da buna razıdır. Ona görə də Zelenski ABŞ Prezidenti Donald Trampla görüşüb məsələləri razılaşdırmaq istəyir.

Həm də bu günlərdə onu da demək lazımdır ki, Zelenski Ağ Evin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə ​​​​​​danışıqlar apardı. Yəni onlar da, bildiyimiz kimi, Rusiya üzrə danışıqlara təhkim olunmuş adamlardır. Həm də belə bir informasiya yayıldı ki, hətta Ukrayna görüşün üçtərəfli olmasına, yəni ABŞ-nin iştirakı ilə Rusiya və Ukrayna arasında danışıqlar aparılmasına razıdır və müharibənin dayanmasını istəyir.

Ümumiyyətlə, tarix boyu da həmişə görünüb ki, hər cür müharibələr sonda danışıqlarla yekunlaşır və bitir. Ancaq hazırda Rusiyanın, yəni Putinin apardığı siyasət odur ki, onlar istəyirlər ki, heç olmasa Donbas bütövlükdə Rusiyaya keçsin və ondan sonra heç olmasa özlərini qalib elan etsinlər. Ancaq buna da müvəffəq ola bilmirlər.

Hesab edirəm ki, Zelenski Trampla məsələləri razılaşdıracaq və danışıqlar olacaq. Ancaq müharibənin tezliklə bitməsi gözlənilmir".

Aytəkin TOFIQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən