Rusiya-Ukrayna müharibəsində ən təhlükəli mərhələ başlayır? - AÇIQLAMA

 20:59 24.07.2026     704

"Birmənalı olaraq deyə bilərik ki, Rusiya-Ukrayna münaqişəsində növbəti mərhələyə keçidin baş tutması cari ilin qışına təsadüf edə bilər. Məlum olduğu kimi, qış aylarında müharibənin davam etdirilməsi xüsusi ciddi hazırlıq tələb edən məsələ olmaqla yanaşı, qışda artan enerji tələbatı da Rusiyanın Qərbə qarşı istifadə edə biləcəyi real silaha çevrilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev səsləndirdi.

"Artıq iyulun əvvəlindən etibarən Ukraynada münaqişənin növbəti qışına hazırlığa start verildiyini desək, yanılmarıq. Xüsusilə, Prezident Zelenskinin öz komandasında dəyişikliklər aparması və müdafiə naziri Mixail Fedorovun vəzifəsindən azad edilməsi bu hazırlıqların tərkib hissəsi kimi qiymətləndirilir. Ukrayna prezidentinin bu addımının birmənalı qiymətləndirilməməsinə və daxildə etirazlarla qarşılanmasına baxmayaraq, böyük hazırlıq komponenti kimi bu addım atılıb", - deyə o bildirdi.

Siyasi şərhçi əlavə etdi ki, ən aktual məsələ 28 iyulda Vaşinqtonda keçirilməsi planlaşdırılan Zelenski-Tramp görüşüdür:

"Bu görüş müharibənin növbəti mərhələsində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Tramp administrasiyasının müharibənin dayandırılması ilə bağlı növbəti həll paketinin görüş zamanı müzakirə olunacağı istisna edilmir. Əslində, Rusiya da faktiki olaraq müharibənin dayandırılmasında maraqlıdır. Reallıqda ciddi uğur əldə edilə bilməyən döyüşlərdə gündəlik milyonlarla dollarlıq iqtisadi itkilərin verilməsi ölkə iqtisadiyyatı üçün müsbət heç nə vəd etmir. Bununla belə, Rusiya cəbhədəki üstünlüyü və Tramp administrasiyasının Rusiyaya qarşı daha stabil mövqeyini diplomatik danışıqlarda da ona üstünlük gətirə biləcək vəziyyətə transformasiya etməyə çalışır. Zelenski-Tramp görüşündə ABŞ-Ukrayna koordinasiyası da ciddi müzakirə olunacaq məsələlərdən biridir. Əgər Moskva və Kiyev arasında müharibənin dayandırılması ilə bağlı razılaşma əldə olunarsa, bu halda ABŞ-Ukrayna koordinasiyası münaqişənin gələcək taleyi ilə bağlı həlledici rola malik faktorlardan birinə çevrilə bilər. İstənilən halda, planlaşdırılan görüş baş tutarsa, tərəflərin müzakirə etməli olduğu kifayət qədər çox və vacib məsələlər vardır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən