Zelenskinin ABŞ səfəri müharibənin gedişinə təsir edə bilər - Deputatdan PROQNOZ
"Ukrayna Prezidenti Volodimir Zelenskinin bir neçə gündən sonra ABŞ-yə səfər etməsi, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı həm ABŞ Prezidenti Donald Trampla görüşünün planlaşdırılması, həm də yeni təkliflərin irəli sürüləcəyi ilə bağlı xəbərlərin fonunda qeyd etmək olar ki, Zelenskinin bu səfəri Amerikanın bu dəfə Rusiya-Ukrayna müharibəsi kontekstində Ukraynaya daha açıq şəkildə dəstək verməsi ilə nəticələnə bilər".
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.
O hesab edir ki, bu səfər çərçivəsində Ukraynanın yeni silahlarla təmin olunması məsələsi gündəmə gələ bilər:
"ABŞ indiyədək Ukraynaya müəyyən dəstəyi göstərsə də, bu dəstəyin daha çox ehtiyatlı və məhdud şəkildə həyata keçirildiyini görmüşük. Lakin bu dəfə açıq hərbi dəstəyin ifadə olunacağı gözlənilir. Çünki biz şahidi oluruq ki, artıq Rusiya-Ukrayna münaqişəsi kontekstində eskalasiyanın səviyyəsi artır. Tərəflər arasında qarşılıqlı olaraq şəhərlərə ağır zərbələr endirilir, mülki infrastruktur sıradan çıxarılır. Yəni artıq yalnız hərbi obyektlər deyil, mülki strukturlar da hücumların hədəfinə çevrilir. Bu isə müharibənin yeni eskalasiya mərhələsinə keçdiyini göstərir".
Siyasətçinin fikrincə, ABŞ-nin Ukraynaya daha açıq hərbi dəstək verməsi ehtimalı artır:
"Çünki bundan əvvəl Avropa İttifaqı və NATO tərəfindən də Ukraynaya açıq dəstək ifadə olunub. NATO-nun Ankarada keçirilən sonuncu zirvə toplantısının deklarasiyasına nəzər saldıqda, Ukraynaya 70 milyard avro həcmində hərbi yardımın göstərilməsi məsələsinin gündəmə gəldiyini görürük. Bu, kifayət qədər ciddi rəqəmdir. Bundan əlavə, ABŞ-nin son dövrlərdə Ukraynaya indiyədək görünməmiş səviyyədə hərbi yardım göstərməsi də diqqət çəkir. Hesab edirəm ki, Zelenskinin ABŞ səfəri bu istiqamətdə atılan addımların daha da möhkəmləndirilməsi və rəsmiləşdirilməsi baxımından mühüm rol oynaya bilər.
Rusiya-Ukrayna münaqişəsi kontekstində bir məqama da diqqət çəkmək istəyirəm. 1997-ci ildə amerikalı siyasi və hərbi strateq Zbiqnev Bjezinskinin yazdığı "Böyük şahmat lövhəsi: Amerikanın üstünlüyü və geosiyasətin imperativləri" kitabında vurğuladığı fikirlər bu gün də müzakirə mövzusudur. Bjezinski həmin əsərində Rusiyanın gələcəkdə vahid dövlət kimi mövcudluğunun sual altına düşə biləcəyi, daha çox müxtəlif inzibati qurumlardan ibarət bir struktura çevrilə biləcəyi ilə bağlı fikirlər irəli sürürdü. Onun kitabında Rusiyanın üç əsas hissəyə bölünməsi ehtimalından bəhs edilir: Avropa hissəsini əhatə edən Avropa Respublikası, Rusiyanın mərkəzi bölgələrini əhatə edən Sibir Respublikası və Uzaq Şərq Respublikası".
Millət vəkili qeyd etdi ki, Amerikanın öz strateji rəqibləri olan Rusiya və İrana qarşı payıza qədər daha ciddi addımlar atmaq, müəyyən hərbi üstünlük əldə etmək planları mövcuddur:
"Xüsusilə də bu, Tramp administrasiyasının noyabr ayında keçiriləcək aralıq seçkilərədək əldə etmək istədiyi nəticələrlə də əlaqələndirilə bilər. Hazırda həm Yaxın Şərqdə İran böhranı, həm də Rusiya-Ukrayna müharibəsi çərçivəsində eskalasiyanın yeni mərhələyə keçdiyini müşahidə edirik. Bu isə daha böyük qarşıdurma və daha ağır nəticələr ehtimalını artırır. Artıq Rusiya-Ukrayna müharibəsində yeni tendensiyalar müşahidə olunur. Məsələn, Rusiyanın "Almaz-Antey" strateji silahlar istehsal edən şirkətinə məxsus müəssisənin vurulması, Kirov şəhərində yerləşən obyektin hədəfə alınması və Ukraynanın öz istehsalı olan ballistik raketlərdən istifadə etməsi bu istiqamətdə mühüm göstəricilərdir.
Zelenskinin ABŞ səfərindən sonra Britaniya və Amerikanın yalnız müdafiə sistemləri deyil, məhz hücum raketləri, o cümlədən ballistik və qanadlı raketlərin Ukraynaya təhvil verilməsi ilə bağlı prosesin şahidi ola bilərik. Bir sözlə, 2026-cı ilin payızı çox gərgin, hətta fəlakətli nəticələrə səbəb ola biləcək bir dövr kimi görünür. Əgər tərəflər öz mövqelərindən geri çəkilməsələr, bizi daha genişmiqyaslı qarşıdurma gözləyə bilər. Çünki Rusiyanın Zbiqnev Bjezinskinin kitabında qeyd etdiyi kimi parçalanma və ekzistensial təhlükə ilə üzləşməsi ssenarisi reallaşarsa, Moskvanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə ehtimalı arta bilər. Belə bir addım isə avtomatik olaraq Avropa İttifaqının əsas ölkələrinin, xüsusilə Almaniya, Britaniya və Fransanın Rusiyaya qarşı cavab addımları atması ilə nəticələnə bilər. Bu isə NATO-nun və ABŞ-nin müharibəyə cəlb olunması, nəticə etibarilə nüvə qarşıdurması riskini yaradar".
Xədicə BAXIŞLI













