Tramp İranın dondurulmuş pullarından istifadə edə bilər? - Əli Mustafa AÇIQLADI

 13:32 27.07.2026     507

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazında zərər görən gəmilərin kompensasiyası İranın dondurulmuş aktivlərindən ödəniləcək. 

Amerika lideri qeyd edib ki, növbəti xəbərdarlığadək Hörmüzdən keçən gəmilərə, yüklərə və digər məhsullara dəyən bütün zərər ABŞ-nin nəzarətində saxlanılan İran vəsaitləri hesabına kompensasiya ediləcək.

Bəs ABŞ-nin İranın dondurulmuş pullarından bu şəkildə istifadə etməsi mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafanın sözlərinə görə, bütün hallarda ABŞ Prezidenti Donald Trampın belə bir açıqlama verməsi onu deməyə əsas verir ki, Amerika alternativ çarə olaraq və yaxud da İranı bu əməllərdən çəkindirmək üçün belə bir ritorikanı seçir:

"Bu gün İranın dünyada xeyli vəsaiti dondurulub. Təqribən 100 milyarda qədər İran vəsaitinin dondurulduğu deyilir və bunun da müəyyən bir hissəsi birbaşa Amerika tərəfindən dondurulub. Odur ki, əslində Trampın əlində belə bir mexanizm var. O, İranın dondurulmuş pullarını İranın vurduğu zərərlə əvəzləyə bilər. Yəni İran hansı ölkələrə, hansı gəmilərə zərbə vurursa, hansı dövlətin mallarına, mülklərinə zərbə vurursa, onun qiymətinin İranın dondurulmuş pulları hesabına ödənilməsini reallaşdıra bilər".

Siyasi şərhçinin fikrincə, Trampın bəyanatı realdır:

"Düzdür, İran bundan razı deyil, İranın xarici işlər naziri Abbas Əraqçi bunu pisləyib, hətta bunu yeni bir insident kimi dəyərləndirib. Amma buna baxmayaraq, təbii ki, Amerikanın da mövqeyini başa düşmək lazımdır. O çalışır ki, boğazdan keçən gəmilərin təhlükəsizliyini təmin etsin. İran isə onların keçidinə imkan vermir. İran da əslində dünyaya və Trampa sübut etməyə çalışır ki, Hörmüzə real olaraq o nəzarət edir.

Belə olan halda Tramp da təbii ki, deyir ki, əgər siz o gəmiləri vuracaqsınızsa, bizim himayəmiz altında boğazı keçmək istəyən yükləri, gəmiləri, insanları hansısa bir zərərə uğradacaqsınızsa, biz də onun əvəzini sizə ödətdirəcəyik. Əlbəttə, yəni bu, prinsipcə mümkündür. Odur ki, bu, ola bilsin ki, müəyyən qədər İranın gəmilərə olan hücumlarını zəiflətsin. Hər halda İran anlayır ki, Amerika bunu edə bilər. Amma o da var ki, hələlik tərəflərin ciddi bir uzlaşması, razılaşması olmadığına görə, təbii ki, müəyyən qədər, yəni bu açıqlamalar bəzən havada da qala bilir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən