"AzTV-ni düşmən elan etmək Azərbaycan dövlətini hədəfə almaqdır" - Hikmət Babaoğlu
“İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi İran dövlətinin rəsmi qurumudur və onun açıqlamaları, əlbəttə ki, İran dövlətinin mövqeyi kimi qəbul edilə bilər. Ancaq məsələ ondadır ki, buna qədər də müxtəlif səviyyəli İran rəsmiləri Azərbaycan haqqında çox sərt fikirlər səsləndiriblər və sonradan bununla bağlı heç bir üzrxahlıq etməyiblər. Onlar iddia ediblər ki, guya Azərbaycan ərazisindən İrana qarşı təcavüz edilir və s. Lakin bu iddialar öz təsdiqini tapmayanda nə təkzib veriblər, nə də üzr istəyiblər”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektlərini, o cümlədən Azərbaycanın dövlət televiziya kanalı olan AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsini şərh edərkən dedi.
“Nəzərə almaq lazımdır ki, Azərbaycan Televiziyası Azərbaycan Respublikasının dövlət televiziyasıdır. Azərbaycan Televiziyasını düşmən elan etmək, əslində, Azərbaycan dövlətini düşmən elan etmək deməkdir. Bu, yeni məsələ deyil. İran rəsmilərinin Azərbaycana münasibətdə uzun illərdir nümayiş etdirdiyi ardıcıl mövqedir. Hətta bir qədər geriyə qayıtsaq, 44 günlük Vətən müharibəsi dövründə də faktiki olaraq Ermənistana İrandan dəstək göstərilməsi, silah-sursat və terrorçular göndərilməsi İranın Azərbaycana qarşı düşmən münasibətinin göstəricisi kimi qiymətləndirilə bilər”, - deyə o bildirdi.
Deputat qeyd etdi ki, Azərbaycan daha da güclənməklə yanaşı, İranın ölkəmizə qarşı fəaliyyətinin qarşısının alınması üçün xüsusi konsepsiya hazırlamalıdır:
“Bu, ilk növbədə, Azərbaycanda xəbər siyasəti həyata keçirən İranın rəsmi kanallarının fəaliyyətinin nəzarətə götürülməsi və ya məhdudlaşdırılması ilə bağlı ola bilər. Nəticə etibarilə, onlar təkcə xəbər mübadiləsi ilə məşğul olmurlar. Necə ki, vaxtilə Azərbaycana göndərilən İran dini missionerləri sadəcə İslamı yaymır, eyni zamanda Azərbaycan vətəndaşları arasında dövlətimizə qarşı düşmən münasibəti formalaşdırmağa çalışırdılar.
İkincisi, sosial şəbəkələrdə də müəyyən tədbirlərin görülməsi vacibdir. İrandan müxtəlif platformalar vasitəsilə informasiya məkanımıza daxil olaraq ölkə daxilində ideoloji “Troya atı” funksiyasını yerinə yetirməyə çalışan bəzi sosial media resursları mövcuddur. Onlar Azərbaycan tarixinə, Azərbaycan dilinə və Azərbaycan mədəniyyətinə qarşı fəaliyyət göstərirlər. Təəssüf ki, bəzi vətəndaşlarımız da müxtəlif səbəblərdən ya onlarla mübarizə aparmağa məcbur qalırlar, ya da onları dəstəkləyirlər. Bu isə gələcəkdə ciddi fəsadlara səbəb ola bilər. Buna görə də bu istiqamətdə nəzarət mexanizmlərinin tətbiqinə ehtiyac var. Bunun hansı formada həyata keçiriləcəyini aidiyyəti qurumlar müəyyən etməlidir”.
Millət vəkili əlavə etdi ki, İrandan Azərbaycan dilində yayımlanan müxtəlif televiziya kanallarının hər hansı vasitə ilə Azərbaycan efirinə daxil olmasının qarşısı alınmalıdır:
“Əgər İran bu istiqamətdə fəaliyyətini davam etdirərsə, bir neçə ildən sonra Azərbaycanda radikal məzhəbləşmə prosesi dərinləşə və bu da ciddi fəsadlara gətirib çıxara bilər. Amma məsələ bununla bitmir. Mənə elə gəlir ki, Gürcüstanda və Rusiyada yaşayan azərbaycanlıları da İranın informasiya və ideoloji təsirlərindən qorumaq üçün müvafiq addımlar atılmalıdır”.
Xədicə BAXIŞLI













