"İranın AzTV ilə bağlı qərarı qəbuledilməzdir" - Deputatdan sərt REAKSİYA

 16:40 28.07.2026     484

"İranın Kəşfiyyat Nazirliyi tərəfindən Azərbaycan Televiziyasının "düşmən media qurumları" siyahısına daxil edilməsi həqiqətən də həm təəccüblü, həm də qəbuledilməz addımdır. Mən Azərbaycan Televiziyasında dəfələrlə müxtəlif proqramlarda iştirak etmiş bir şəxs kimi deyə bilərəm ki, AzTV siyasi, təhlükəsizlik, iqtisadi və digər aktual mövzularda, o cümlədən İran ətrafında baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi və ümumilikdə dünyadakı münaqişə ocaqları ilə bağlı hər zaman obyektiv, ölçülüb-biçilmiş və neytral mövqe nümayiş etdirib. Televiziya öz yayımlarında beynəlxalq hüquqa, beynəlxalq təhlükəsizlik arxitekturasına və beynəlxalq təşkilatların mövqeyinə uyğun yanaşma sərgiləyib. Eyni zamanda Azərbaycanın milli maraqlarını və qonşularla praqmatik münasibətlərini əsas götürərək dövlətimizin xarici siyasət kursunun praqmatik prinsiplərini öz fəaliyyətində əks etdirib. Mən bunu Azərbaycan Televiziyasında müxtəlif müzakirələrdə iştirak edən şəxs kimi də əminliklə deyə bilərəm".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirdi.

O qeyd etdi ki, İranın AzTV ilə bağlı qərarı bir tərəfdən, təəccüb doğurur, digər tərəfdən isə qəbuledilməzdir.

"Azərbaycan Medianın İnkişafı Agentliyinin qarşılıqlılıq prinsipinə əsaslanaraq İranın müvafiq media qurumlarının fəaliyyətinə məhdudiyyət tətbiq etməsini də tam obyektiv və beynəlxalq praktikaya uyğun qərar hesab edirəm. Bu addım məhz qarşılıqlılıq prinsipindən irəli gəlir. Hesab edirəm ki, Azərbaycan Televiziyası bundan sonra da öz fəaliyyətini beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn, Azərbaycanın dövlət maraqlarının və xarici siyasətimizin praqmatik prinsiplərinin tələblərinə uyğun şəkildə davam etdirəcək. Məhz buna görə İranın müvafiq kəşfiyyat qurumlarının birbaşa Azərbaycan Televiziyasını hədəfə alması xüsusilə təəccüb doğurur. Çünki AzTV hər zaman peşəkarlığı ilə seçilib. Bu peşəkarlıq təkcə aparıcılarda deyil, redaksiya heyətindən texniki əməkdaşlara qədər bütün kollektivin fəaliyyətində özünü göstərir. Ona görə də İranın bu mövqeyini qəbul etmirik və onu qərəzli hesab edirik. Azərbaycan Televiziyasına qarşı belə yanaşma qəbuledilməzdir və hesab edirəm ki, bu qərar AzTV-nin fəaliyyətinə heç bir təsir göstərməyəcək. O, bundan sonra da peşəkar, obyektiv və dövlət maraqlarına uyğun informasiya siyasətini davam etdirəcək", - deyə siyasətçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən