Paşinyan Putinə qarşı “dəmir yolu kartı”nı işə saldı – Deputatdan AÇIQLAMA
“Ermənistan hökumətinin dəmir yolu ilə bağlı mövqeyi dəyişməyib. İrəvan problemi dostcasına həll etmək istəyir, amma zərurət yaranarsa, hüquqi qərarlar qəbul edilə və fikir ayrılığı qalacağı təqdirdə məsələ arbitraj məhkəməsinə çıxarıla bilər”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yollarının idarəçiliyinin Rusiyadan alınması ilə bağlı məsələni brifinqdə şərh edərkən deyib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirdi ki, Paşinyan Ermənistan dəmir yollarının mülkiyyət məsələsini gündəmə gətirməklə Putinin referendum tələbi arasında müəyyən balans yaratmağa çalışır:
“Çünki Paşinyan, doğrudan da, Rusiya Dəmir Yollarının Cənubi Qafqaz filialına icarəyə verilmiş Ermənistan dəmir yollarının ölkənin öz mülkiyyətinə qaytarılması ilə bağlı beynəlxalq məhkəmədə iddia qaldıra bilsə, çox güman ki, bu məsələ Ermənistanın xeyrinə həll oluna bilər. Nəticə etibarilə, mülkiyyətçi Ermənistandır. Sadəcə, bu halda Ermənistanın icarə müqaviləsinin vaxtından əvvəl dayandırılması, müqavilənin müddəti və ya icarə haqqının məbləği ilə bağlı müəyyən maliyyə öhdəlikləri və ya cərimələrlə üzləşməsi mümkündür. Paşinyan, görünür, bu fikri təsadüfən səsləndirmir. O, böyük ehtimalla əvvəlcədən hüquqşünaslarla məsləhətləşib və yalnız bundan sonra belə bir mövqe ortaya qoyub”.
Onun sözlərinə görə, hazırkı şəraitdə isə Rusiyanın tələb etdiyi referendumu Ermənistanda qısa müddətdə keçirmək mümkün deyil:
“Həmçinin Putinin tələb etdiyi məsələ ilə Ermənistan Konstitusiyasına aid digər məsələləri eyni referendum çərçivəsində qarışdırmaq da düzgün olmaz. Əgər bu məsələlər eyni vaxtda referenduma çıxarılsa, onlardan biri də Azərbaycanla bağlı, yəni Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların Konstitusiyadan çıxarılması məsələsidir. Bu halda həmin iki məsələ bir-biri ilə ziddiyyət təşkil etdiyindən, hüquqi baxımdan referendumun nəticəsiz qalması ehtimalı yarana bilər. Əslində, Putinin Paşinyandan referendum tələb etməsinin səbəblərindən biri də bununla bağlıdır. Yəni burada Rusiyanın Azərbaycana yönəlmiş siyasi mesajı da görünür”.
Siyasətçinin fikrincə, Paşinyan Rusiyanın bu məsələdə sonadək israr etməsi halında bunun Rusiyanın özünü də çətin vəziyyətə sala biləcəyini nəzərə çatdırmağa çalışır:
“Məncə, iki referendumu eyni vaxtda keçirmək mümkün deyil. Eyni referendum çərçivəsində iki fərqli məsələni birləşdirərək səsverməyə çıxarmaq da hüquqi baxımdan düzgün yanaşma deyil”.
Xədicə BAXIŞLI













