"Azərbaycan-Qırğızıstan münasibətləri yalnız iki qardaş ölkə arasında əməkdaşlıq modeli deyil" - Azər Badamov
"Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik, uzaqgörən və çoxşaxəli xarici siyasəti nəticəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Bu istiqamətdə xüsusilə Azərbaycan–Qırğızıstan münasibətlərinin dinamik inkişafı diqqəti cəlb edir. Tarixi, dil, din, mədəniyyət və ortaq türk kimliyi Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin möhkəm təməlini təşkil edir. Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuşdur. Lakin son beş ildə Prezident İlham Əliyev və Qırğızıstan Prezident Sadır Japarov arasında həyata keçirilən 13 qarşılıqlı səfər ikitərəfli münasibətlərin inkişafına güclü təkan vermiş, siyasi dialoqun intensivliyini əhəmiyyətli dərəcədə artırmışdır. Dövlət başçılarının qarşılıqlı etimadı və siyasi iradəsi əməkdaşlığın bütün istiqamətlərdə genişlənməsinə şərait yaratmışdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi.
"Bu günə qədər Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələri əhatə edən 105 sənəd imzalanmışdır. Həmin sənədlər siyasi, iqtisadi, ticarət, investisiya, nəqliyyat, enerji, humanitar və mədəni əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza formalaşdırmışdır. Eyni zamanda, Hökumətlərarası Birgə Komissiyanın mütəmadi iclasları mövcud iqtisadi potensialın reallaşdırılması, yeni investisiya layihələrinin müəyyənləşdirilməsi və işgüzar əlaqələrin genişləndirilməsi baxımından mühüm rol oynayır.
İkitərəfli ticarət dövriyyəsi hazırda 77,2 milyon ABŞ dolları təşkil etsə də, əsas göstərici onun son illərdə dinamik artım tempidir. Azərbaycanda 100-ə yaxın Qırğızıstan kapitallı şirkətin fəaliyyət göstərməsi də iqtisadi əlaqələrin inkişaf etdiyini göstərir. Qarşılıqlı investisiyaların həcmi artır, sahibkarlar arasında əməkdaşlıq genişlənir və yeni biznes təşəbbüsləri həyata keçirilir.
Azərbaycan–Qırğızıstan İnkişaf Fondu bu əməkdaşlığın ən uğurlu mexanizmlərindən biridir. Nizamnamə kapitalı 100 milyon ABŞ dolları olan Fond indiyədək ümumi dəyəri 52,7 milyon dollar olan bir sıra birgə strateji layihələrin maliyyələşdirilməsini təmin etmişdir. Bu isə iqtisadi tərəfdaşlığın institusional əsaslarının daha da möhkəmləndiyini göstərir".
Onun sözlərinə görə, humanitar sahədə əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir:

"Azərbaycanın dəstəyi ilə Bişkekdə Heydər Əliyev adına məktəb-gimnaziyanın, Nizami Gəncəvi adına orta məktəbin və "Dostluq" parkının istifadəyə verilməsi, eyni zamanda Qırğızıstanın dəstəyi ilə Azərbaycanın Ağdam rayonunun Xıdırlı kəndində Manas adına orta məktəbin inşası iki qardaş xalq arasında dostluq və qarşılıqlı etimadın bariz nümunəsidir. Bu layihələr təkcə təhsil və mədəniyyət sahəsində əməkdaşlığa deyil, həm də ortaq tarixi-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalandı. Bu sənəd ikitərəfli münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldərək siyasi dialoqun, iqtisadi əməkdaşlığın, mədəni-humanitar sahələrdə və təhlükəsizlik sahəsində əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə inkişaf etdirilən Orta Dəhliz bu gün Mərkəzi Asiya ilə Avropanı birləşdirən ən perspektivli nəqliyyat və logistika marşrutlarından birinə çevrilmişdir. Çin–Qırğızıstan–Özbəkistan marşrutu ilə başlayan yükdaşımalar Türkmənistan və Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan, Türkiyə və Avropa bazarlarına çıxış əldə edir. Bu marşrut Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına daha sürətli və təhlükəsiz çıxışını təmin etməklə yanaşı, Azərbaycanın Avrasiya məkanında əsas tranzit və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir.
Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan artıq Mərkəzi Asiya regionunun ayrılmaz tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü platformasında iştirak etməsi region dövlətlərinin Azərbaycana göstərdiyi yüksək etimadın və ölkəmizin artan geosiyasi nüfuzunun göstəricisidir".
Millət vəkili vurğuladı ki, Prezident İlham Əliyevin Qırğızıstanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakı Azərbaycan ilə region ölkələri arasında siyasi dialoqun daha da güclənməsinə, nəqliyyat, enerji, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, investisiya və ticarət sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcək:
"Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsi, Türk dünyasının birliyinin möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərində ortaq mövqenin formalaşdırılması baxımından bu səfər xüsusi əhəmiyyət daşıyır.
Bütövlükdə, Azərbaycan–Qırğızıstan münasibətləri yalnız iki dost və qardaş ölkə arasında əməkdaşlıq modeli deyil, həm də Türk dünyasında inteqrasiyanın, qarşılıqlı etimadın və ortaq strateji maraqların uğurlu nümunəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində bu münasibətlər qarşıdakı illərdə daha da dərinləşəcək və regional əməkdaşlığın əsas sütunlarından birinə çevriləcəkdir".
Aytəkin TOFİQQIZI













