“Azərbaycanın ətrafında müttəfiqlər birliyi formalaşır” - Deputat
"Azərbaycan xarici siyasətdə öz mövqeyini daha da gücləndirmək üçün ətrafında müttəfiqlər birliyi formalaşdırır. Bu, təkcə siyasi hadisə deyil, həm də iqtisadi, logistik və kommunikasiya baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın vaxtilə həyata keçirdiyi qlobal layihələr, eləcə də hazırda perspektivdə olan yeni bağlantı və dəhliz layihələri ölkənin coğrafi baxımdan mövcud məhdudiyyətlərini strateji üstünlüyə çevirməyə xidmət edir. Azərbaycan Prezidenti də qeyd etmişdi ki, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur. Lakin həyata keçirilən kommunikasiya layihələri sayəsində bu çatışmazlıq böyük ölçüdə kompensasiya edilib".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu səsləndirdi. O, Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana rəsmi səfərindən danışarkən bildirdi:
"Azərbaycan öz coğrafi mövqeyini elə bir strateji səviyyəyə yüksəldib ki, bu gün həm Avropa, həm Çin, həm də Mərkəzi Asiya üçün mühüm tranzit və vasitə dəhlizinə çevrilib. Hazırkı mərhələdə isə bu böyük strateji layihənin tam reallaşdırılması məqsədilə Orta Dəhliz üzərində yerləşən ölkələrlə siyasi, iqtisadi və müttəfiqlik münasibətləri strateji səviyyəyə yüksəldilir. Digər tərəfdən, Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə ikitərəfli münasibətlər də strateji müttəfiqlik səviyyəsinə qaldırılır. Bu isə həm tərəfdaşlarımız və müttəfiqlərimiz, həm də bütövlükdə Çin–Avropa xəttinin strateji vektoru baxımından mühüm əhəmiyyət daşıyır. Bu əhəmiyyət özünü həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik müstəvisində göstərir".
Siyasətçi qeyd etdi ki, Azərbaycan Prezidentinin Qırğızıstana səfəri və imzalanan sənədlər həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər baxımından olduqca əhəmiyyətlidir:
"Fəaliyyət göstərən İqtisadi Şura yeni əməkdaşlıq perspektivləri müəyyənləşdirdi, qarşılıqlı sərmayələrin yatırılması məsələsini gündəmə gətirdi ki, bu da əsl müttəfiqliyin əsas komponentlərindən biridir. Eyni zamanda, çoxtərəfli müstəvidə də münasibətlərimiz yeni mərhələyə yüksəlmiş oldu. Qırğızıstan Prezidentinin göstərişi ilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəb inşa edilir. Doğrudur, Böyük Qayıdış çərçivəsində qardaş ölkələrin inşa etdiyi məktəb, musiqi və ya mədəniyyət mərkəzləri funksional baxımdan bəlkə də birbaşa strateji əhəmiyyət daşımır. Lakin onlar dostluğumuzun və müttəfiqliyimizin rəmzi kimi olduqca mühüm strateji məna kəsb edir. Bu, eyni zamanda, Qarabağı hələ də müxtəlif statuslarda görmək istəyən islamofob və ermənipərəst mərkəzlərə verilən mühüm mesajdır. Bu layihələr göstərir ki, çoxsaylı ölkələr, o cümlədən qardaş Qırğızıstan Azərbaycanın yanındadır.
Düşünürəm ki, bu səfər və əldə olunan razılaşmalar həm Türk Dövlətləri Təşkilatı çərçivəsində müttəfiqliyimizin daha da dərinləşməsinə xidmət edəcək, həm də qarşılıqlı maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edən hadisə kimi tarixə düşəcək".
Xədicə BAXIŞLI













