Azərbaycan və Qırğızıstanın böyük Orta Dəhliz planı – Deputat DETALLARI AÇIQLADI
"Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri kifayət qədər yüksək qiymətləndirilə biləcək səfərlərdən biridir. Çünki bu səfər çərçivəsində iki qardaş respublika arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılması istiqamətində birgə səylərin göstərildiyini və eyni zamanda əlaqələrin yeni mərhələyə yüksəldilməsi ilə bağlı güclü siyasi iradənin mövcud olduğunu görürük. Bu baxımdan tam əminliklə demək olar ki, Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə daxil olur. Burada müttəfiqlik münasibətlərindən strateji iqtisadi əməkdaşlığa keçid açıq şəkildə özünü göstərir. Nəticə etibarilə iki ölkə arasında strateji tərəfdaşlığın artıq müttəfiqlik səviyyəsində qərarlaşdığını müşahidə edirik. Bu isə ilk növbədə iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, kənd təsərrüfatı, eləcə də humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov səsləndirdi.
O qeyd etdi ki, Azərbaycan və Qırğız xalqları arasında tarixən formalaşmış güclü mənəvi bağlılıq mövcuddur:
"Türk ailəsinə mənsub olmaları, ortaq tarix, dil və mədəniyyət iki ölkə arasında möhkəm təməl formalaşdırır. Məhz bu fundament sonrakı mərhələdə strateji tərəfdaşlığın ən yüksək səviyyədə qurulmasına imkan yaradır. Bu gün iki dövlət arasında həyata keçirilən fəaliyyətlər də həmin tərəfdaşlığın davamlı şəkildə gücləndiyini göstərir. Xüsusilə Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şurasının artıq üçüncü iclasının keçirilməsi, siyasi dialoqun daha yüksək səviyyəyə yüksəldilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün konkret yol xəritəsinin müəyyənləşdirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı əldə olunan razılaşmalar bunu bir daha təsdiqləyir".
Müsahibimiz əlavə etdi ki, Dövlətlərarası Şuranın fəaliyyəti və digər qurumlar arasında sıx təmaslar göstərir ki, münasibətlər həqiqətən də müttəfiqlik səviyyəsinə yüksəlib və artıq öz real nəticələrini verməkdədir.
"Burada ən mühüm məsələlərdən biri, şübhəsiz ki, siyasi dialoqla yanaşı, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadə üçün əlverişli şəraitin yaradılmasıdır. Bu baxımdan da müttəfiqlik münasibətləri özünü aydın şəkildə büruzə verir. Nəzərə alsaq ki, bu gün əsas prioritetlərdən biri enerji layihələrinin həyata keçirilməsi və nəqliyyat-logistika infrastrukturunun inkişafıdır, xüsusilə də Orta Dəhliz vasitəsilə Çindən Avropaya daşınan beynəlxalq yüklərin Qırğızıstan, Azərbaycan və Azərbaycanın strateji tərəfdaşları olan Özbəkistan və Qazaxıstan ərazilərindən keçməsi xüsusi əhəmiyyət daşıyır".
Millət vəkili qeyd etdi ki, beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edən iki əsas istiqamət – enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələri – uğurla reallaşdırılır:
"Bu da tərəfdaşlığın hansı səviyyədə formalaşdığını göstərən vacib göstəricilərdən biridir. Eyni zamanda ticarət dövriyyəsinin artırılması üçün də geniş potensial mövcuddur. Düşünürəm ki, yaxın illərdə Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsinin, eləcə də qarşılıqlı investisiyaların həcmi əhəmiyyətli dərəcədə artacaq və bu, iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə əlverişli şərait yaradacaq. Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu qərar hər iki ölkənin müxtəlif iqtisadi sektorlarında yeni imkanlar açır və iqtisadi əməkdaşlığın daha yüksək səviyyədə inkişafına xidmət edir. Bundan başqa, iki ölkə arasında artıq 100-dən çox sənəd imzalanıb və bu sənədlər müxtəlif sahələri əhatə edir. Əməkdaşlığın mühüm istiqamətlərindən biri də humanitar sahədir. Azərbaycan üçün xüsusi həssaslıq daşıyan işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində Qırğızıstanın fəal iştirakı yüksək qiymətləndirilir.
Bu baxımdan Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisində Qırğız şirkətlərinin iştirak etməsi və Qırğızıstan hökumətinin bu layihəyə dəstək verməsi humanitar əməkdaşlığın ən parlaq nümunələrindən biridir. Bu, həm böyük siyasi jest, həm də tərəfdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirən mühüm təhsil infrastrukturu layihəsidir".
A.Allahverənovun sözlərinə görə, iki ölkə arasında əlaqələrin məhz bu cür möhkəm təməllər üzərində inkişaf etdirilməsi istiqamətində güclü siyasi iradənin mövcud olması, beynəlxalq platformalarda bir-birini dəstəkləməsi böyük uğur və mühüm nailiyyətdir.
"Bu amillər iki qardaş xalqı daha da yaxınlaşdırır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da xüsusi qeyd edilməlidir. Eyni zamanda ictimai diplomatiya sahəsində də mühüm irəliləyişlər müşahidə olunur. Xüsusilə Azərbaycan və Qırğızıstan qeyri-hökumət təşkilatları arasında əlaqələrin inkişafı diqqət çəkir. Cari ildə Bakıda Azərbaycan-Qırğız QHT-lərinin Birinci Əməkdaşlıq Forumunun keçirilməsi ictimai diplomatiyanın inkişafına verilən önəmin göstəricisidir. Nəticə etibarilə müxtəlif beynəlxalq platformalarda təmsil olunan bu iki dövlət dostluq və qardaşlıq münasibətlərini həmin platformalara da uğurla daşıyır. Bu isə yeni strateji hədəflərin müəyyənləşdirilməsinə, türk dünyasının daha sıx inteqrasiyasına, iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regional sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına xidmət edən yeni tərəfdaşlıq modelinin formalaşdığını göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər ən yüksək səviyyəyə yüksəlib. Bu əməkdaşlıq təkcə iki dövlət üçün deyil, bütövlükdə türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi, Avrasiya məkanında inteqrasiya proseslərinin sürətləndirilməsi və qitənin müxtəlif bölgələrini birləşdirən strateji layihələrin həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri həm geosiyasi mahiyyəti, həm regional əməkdaşlığın genişləndirilməsi, həm də türk dünyasının strateji inteqrasiyasına verdiyi töhfə baxımından olduqca əhəmiyyətli səfər kimi qiymətləndirilməlidir", - deyə siyasətçi yekunlaşdırdı.
Xədicə BAXIŞLI













