Qırğızıstan niyə Azərbaycan üçün bu qədər önəmlidir? - Deputatdan AÇIQLAMA

 14:16 31.07.2026     467

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qırğızıstana rəsmi səfəri diqqətlə izlənilir. Qırğızıstan-Azərbaycan iki qardaş ölkə, ikisi də Türk Dövlətləri Təşkilatının üzvüdürlər, türk dünyasının ayrılmaz parçasıdırlar. Qırğızıstanla Azərbaycan arasında yaxın qardaş ölkələr olaraq münasibətlərin daha da inkişaf etdirilməsi hamımızın marağındadır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

Onun sözlərinə görə, Qırğızıstan çox önəmli, çox unikal bir coğrafiyada, Orta Dəhlizin başlanğıc hissələrində yerləşən, geosiyasi baxımdan vacib bir ölkədir:

"Çinlə böyük sərhədə malik olan Qırğızıstan, demək olar ki, Orta Dəhlizin başlanğıc nöqtəsində yerləşən açar ölkə kimi ona görə vacibdir ki, məhz Qırğızıstan üzərindən başlayan nəqliyyat, transport və kommunikasiya xətləri Transxəzər hövzəsi vasitəsilə Azərbaycana gəlib çatır. Azərbaycandan isə Türkiyə üzərindən Avropaya qədər uzanır. Ona görə də həm Azərbaycanın, həm də Qırğızıstanın müzakirə edə biləcəyi çox önəmli, çox mühüm məsələləri var. Bu, dediyim kimi, transport, kommunikasiya, bağlantılar, eyni zamanda enerji daşıyıcıları və ənənəvi enerji daşıyıcılarının da məhz nəqli məsələsi mühüm məsələlərdən biridir".

Millət vəkili Qırğızıstanın Avrasiya regionunda olan əhəmiyyətindən də bəhs etdi:

"Qırğızıstanın həmçinin Avrasiya regionunda olan önəmi ondan ibarətdir ki, bir tərəfdən Çinlə sərhəd olaraq, digər tərəfdən Türk Dövlətləri Təşkilatı ilə Özbəkistanla, Qazaxıstanla ümumi sərhəd olaraq türk dünyasının bütün layihələrinin, bütün geosiyasi, geoiqtisadi layihələrinin ərsəyə gəlməsindən ötrü çox önəmli bir ölkədir. Eyni zamanda, Tyanşan dağlarının və dağlar silsiləsinin ətəyində yerləşən Qırğızıstan paytaxtı Bişkekdən başlayan geosiyasi, Bişkekdən vuran geosiyasi nəbz, geoiqtisadi layihələr məhz dalğavari şəkildə gedib Avropaya qədər çıxır. Yəni, o qədər önəmli ölkədir, onun əhəmiyyətinə diqqəti çəkmək istəyirdim. Qırğızıstan və Azərbaycan türk dünyasının başqa-başqa kənarlarında yerləşmələrinə baxmayaraq, bizi həmçinin tarixi qardaşlıq əlaqələri bağlayır. Qırğız xalqı həmişə Azərbaycana dəstək olub, bütün işlərdə – siyasi, iqtisadi tədbirlərdə, beynəlxalq təşkilatlarda biz həmişə bir-birimizi dəstəkləmişik".

T.Gəncəliyev vurğuladı ki, Qırğızıstan heyəti, nümayəndələri ilə müxtəlif beynəlxalq təşkilatlarda, parlament ölçülərində həmişə qardaşlıq, yaxın müttəfiqlik münasibətləri mövcud olub:

“Hesab edirəm ki, prezidentin budəfəki səfəri ilə bizim münasibətlərimiz yeni bir mərhələyə, yeni bir yüksəlişə qədəm qoyacaq və Qırğızıstanla Azərbaycanın əlaqələrinin bütün potensialından – iqtisadi, hərbi, humanitar, siyasi, hətta hərbi potensiallarından – tam istifadə edilməsi üçün şərait yaranacaq”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən