Ermənistan dəmir yollarını Rusiyadan almaq asan olmayacaq - ŞƏRH

 15:38 31.07.2026     451

"Ermənistanın dəmir yolları 30 illik konsessiya müqaviləsi əsasında Rusiyaya verilib və bu dəmir yollarına Rusiyanın Cənubi Qafqaz Dəmir Yolları şirkəti nəzarət edir. Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin fevral ayında mövcud vəziyyətin onu qane etmədiyini bəyan etmişdi. O, açıq şəkildə bildirmişdi ki, həmin şirkət, yəni Rusiyanın Cənubi Qafqaz Dəmir Yolları şirkəti beynəlxalq sanksiyalar altındadır və bu da Ermənistanın rəqabət imkanlarına ciddi zərbə vurur. Onun sözlərinə görə, şirkət sanksiyalar altında olduğuna görə beynəlxalq qurumlar və şirkətlər yüklərini Ermənistan üzərindən daşımaq istəmirlər. Nəticədə Ermənistan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış imkanları məhdudlaşır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov səsləndirdi.

"Paşinyan təklif etmişdi ki, konsessiya müqaviləsinə yenidən baxılsın və dəmir yollarının, məsələn, Qazaxıstana verilməsi barədə qərar qəbul olunsun. Həmin dövrdə Rusiya buna qəti şəkildə etiraz etdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etdi ki, bu, qəbuledilməzdir. O bildirdi ki, indiyədək Cənubi Qafqaz Dəmir Yolları şirkəti Ermənistanın dəmir yolu infrastrukturuna 600 milyon dollara yaxın vəsait yatırıb və həmin investisiyanı hələ geri qaytara bilməyib", - deyə o bildirdi.

İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov ...

Politoloq əlavə etdi ki, bu səbəbdən dəmir yollarının Rusiyadan alınaraq Qazaxıstana konsessiya müqaviləsi əsasında verilməsi qeyri-mümkündür.

"Paşinyan eyni fikirləri yenidən təkrarlayıb və Rusiyanı məsələni dostcasına həll etməyə çağırıb. O bildirib ki, əks halda beynəlxalq arbitraja müraciət edəcək və çox güman ki, başqa çıxış yolu qalmayacaq. Onun fikrincə, Rusiya məsələləri dostcasına həll etmək üsulunu qəbul etmir və son illərdə demək olar ki, heç bir dövlətlə mövcud problemləri bu yolla həll etməyib. Bu səbəbdən Ermənistan hökuməti ləngimədən beynəlxalq arbitraja müraciət etməlidir. Əks halda, Ermənistanı Türkiyə və Azərbaycana bağlayan iki dəmir yolu xəttinin tikintisi və bərpası daha da ləngiyəcək, nəticədə Ermənistan bundan ciddi şəkildə zərər görəcək", - deyə A.Səmədov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən