"Yaxın Şərqdə müharibə daha da genişlənəcək" - konfliktoloqdan PROQNOZ

 15:40 03.08.2026     599

"Amerika və İran arxa planda danışıqlar aparırlar. Cəmiyyətə isə özlərinə sərf edən məlumatları ötürürlər. Rəsmi danışıqlar isə gözlənilmir. Bu gedişatla onların əsl məqsədləri heç də müharibəni tezliklə başa çatdırmaq, sülh əldə etmək deyil".

Bu sözləri Redaktor.az-a açıqlamasında konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov bildirdi.

Onun fikrincə, tərəflər bütün regionda uzunmüddətli müharibə planını əvvəldən hazırlayıblar və bu gün də o planı yavaş-yavaş həyata keçirirlər:

"Yaxın Şərqdə yaxın illər ərzində hər hansısa bir sülhün əldə olunması mümkün olmayacaq. Əksinə, müharibə daha da genişlənəcək. Ona görə də formal danışıqlar ola bilər ki, hansısa bir ölkənin vasitəçiliyi ilə hansısa bir ölkədə keçirilsin, amma yekun razılaşma yaxın gələcəkdə olmayacaq.

Sadəcə olaraq, hər bir dövlət öz marağı üçün oynayır və Amerikanın da, İsrailin də, İranın da – üçünün də məqsədləri, maraqları eynidir. İsrail və Amerika İranı vurur. İran haranı vurur? Ətrafdakı ərəb ölkələrini. İranın gücü çatırsa, elə İsraili vursun. Sonuncu əməliyyatlarda İran İraqa, haradakı türkmənlər yaşayır, həmin ərazilərə zərbələr vurdu. Onların nə günahı var? İran da, İsrail də, Amerika da, belə desək, masa arxasında bir-birinin əlinə oynayırlar. Ona görə də regionda yaxın gələcəkdə sülh olmayacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən