ABŞ yenidən İrana hücum edəcək? - Politoloqdan PROQNOZ
"İranla ABŞ arasında sülh sazişi və ya hərtərəfli razılaşma sənədi imzalanmayana qədər ABŞ-nin İrana yeni hücum ehtimalı qalmaqdadır. Son günlər baş verən hadisələr, xüsusilə Omanla İran arasında Hörmüz boğazı ilə bağlı müəyyən anlaşmaların əldə olunması və yekun sənədin imzalanması mərhələsinə yaxınlaşması ABŞ-nin bu məsələ ilə bağlı irəli sürdüyü şərtlərin qəbul edilməsi kimi də qiymətləndirilə bilər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan cavablandırdı.
Siyasətçinin sözlərinə görə, digər mühüm məsələ İranın nüvə proqramı ilə bağlıdır:
"Əgər İran bu məsələdə də Vaşinqtonun tələblərinə əməl edərsə, müharibənin davam etməsi ehtimalı xeyli azalacaq. Çünki hazırda müzakirə olunan əsas məsələlər Hörmüz boğazına İranın təkbaşına nəzarət etməməsi və nüvə proqramının dayandırılmasıdır. Əgər bu şərtlər yerinə yetirilərsə, o zaman ABŞ ilə İran arasında razılaşmanın növbəti, daha detallı mərhələsinə keçmək mümkün olacaq. Həmin mərhələdə İranın təbii sərvətlərinə nəzarət, regiondakı fəaliyyəti, ABŞ-İran arasında ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması kimi məsələlər müzakirə oluna bilər. Bu baxımdan hesab edirəm ki, xüsusilə Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı irəli sürülən şərtlər tam təmin olunmayana qədər müharibə təhlükəsi, başqa sözlə, ABŞ-nin İrana yeni hücum ehtimalı qüvvədə qalacaq".
Xədicə BAXIŞLI













