"Zelenskinin Azərbaycanla yaxşı münasibətlər qurmaq bəyanatını müsbət qiymətləndiririk"
Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, müstəqil Azərbaycanla güclü münasibətlər qurmalıyıq və biz onun suverenliyini, ərazi bütövlüyünü dəstəkləyirik.
Ukrayna liderinin fikrini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycan beynəlxalq hüquq normaları əsasında bütün ölkələrlə yaxşı, normal, mehriban qonşuluq münasibətləri qurmağa çalışır və bu da qarşı tərəflərdən həmişə qiymətləndirilir:
"Ukrayna ilə ötən əsrin 90-cı illərindən yaxşı münasibətlərimiz var. Biz Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləmişik, onunla bütün sahələrdə əməkdaşlığımız var.
Son dövrlərdə Ukraynada baş verən hadisələrdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi dəfələrlə nümayiş etdirmişik. O cümlədən, Ukraynaya vaxtaşırı humanitar yardımlar da göstərilib. Bu baxımdan, Ukrayna rəhbərliyinin Azərbaycanla yaxşı münasibətlər qurmaq bəyanatını müsbət qiymətləndiririk və hesab edirik ki, bizim yaxşı münasibətlər istəyimiz qarşılıqlıdır və bundan sonra da həmişə olacaq. Bu, təkcə ölkə rəhbərliyinin deyil, cəmiyyətlərin də istəyi və sosial sifarişidir".
Millət vəkili vurğuladı ki, Ukraynada böyük Azərbaycan diasporu yaşayır, onlar Ukrayna dövlətçiliyinin möhkəmlənməsində iştirak edirlər, Ukraynanın tanınmış şəxsləridirlər:
"Eyni zamanda, Azərbaycanda da böyük bir Ukrayna diasporu yaşayır. Onlar Azərbaycanda vətəndaşlarımızın sahib olduğu bütün hüquqlara malikdirlər və Azərbaycan dövlət quruculuğunda fəal iştirak edirlər. Həm Ukrayna, həm Azərbaycan prezidentlərinin son bəyanatları da göstərir ki, hər iki ölkə bundan sonra da münasibətləri möhkəmləndirmək və hərtərəfli əməkdaşlıq etmək fikrindədirlər".
Aytəkin TOFİQQIZI












