"Ermənistanın ziddiyyətli mövqeyi sülh prosesini ləngidir" - Millət vəkili
Ermənistan Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Haber Global" televiziya kanalına açıqlamasında deyib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və nəticə etibarilə sülh müqaviləsinin bağlanması ilə bağlı iki çox ciddi məqam var:
"Birincisi, şübhəsiz ki, Ermənistan Respublikasının yeni Konstitusiyasının qəbul olunması məsələsidir. Hazırda qüvvədə olan Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları açıq şəkildə təsbit olunub. Bu isə istənilən halda sülh prosesinə çox ciddi maneə yaradır. Çünki hər hansı dövlətin konstitusiyasında başqa ölkəyə qarşı ərazi iddiasının yer alması sülhü əngəlləyən və gələcək sülhü təhdid altında saxlayan mühüm amildir. Nəticə etibarilə Azərbaycanın bununla bağlı irəli sürdüyü şərt tamamilə haqlıdır və beynəlxalq hüququn təməl prinsiplərinə söykənir. Ermənistan yeni Konstitusiya qəbul etməli və həmin sənəddə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer almamalıdır".
Müsahibimiz qeyd etdi ki, hazırda bu istiqamətdə müəyyən irəliləyişlərin müşahidə olunduğunu görürük:
"Məsələn, Ağrı dağının təsvirinin bəzi rəsmi möhürlərdən və sənədlərdən çıxarıldığını, eləcə də sərhəd-keçid məntəqələrində pasportlara vurulan giriş möhürlərində həmin simvolun artıq istifadə edilmədiyini görürük. Bu, ən azı Ermənistanın siyasi hakimiyyətində ərazi iddialarından imtina ilə bağlı müəyyən yanaşmanın formalaşmağa başladığını göstərir. Lakin bu dəyişiklik mütləq şəkildə konstitusiyada da öz əksini tapmalıdır. Bu, kifayət qədər ciddi mesajdır. Digər mühüm məqam isə yeni konstitusiya layihəsinin hazır olması ilə bağlı səsləndirilən fikirlərdir. Ermənistanın ədliyyə naziri belə bir sənədin işçi variantının hazırlandığını, onun müəyyən müddət ərzində tamamlanacağını, parlament seçkilərindən sonra isə növbəti mərhələyə keçəcəyini bildirib. Eyni zamanda, müəyyən işçi qaydasında məsləhətləşmələrin aparıldığı da qeyd olunub. Bununla yanaşı, hakimiyyətə yaxın siyasi dairələrdə bu məsələ ilə bağlı fərqli mövqelər səsləndirilir. Bəziləri yeni konstitusiyada ərazi iddialarının yer almayacağını bildirir, digərləri isə mövcud prinsiplərdən imtina edilməyəcəyini deyirlər. Bu ziddiyyətli yanaşmalar istər-istəməz sülh prosesinə ciddi maneə yaradır".
Siyasətçinin sözlərinə görə, əgər dövlət sülh şəraitində yaşamaq istəyirsə, sülhə mane olan bütün iddiaların aradan qaldırılmasına nail olmalıdır:
"Nəticə etibarilə yeni konstitusiya qəbul edildikdən və orada qeyd olunan ərazi iddiaları yer almadıqdan sonra sülh müqaviləsinin imzalanması üçün daha əlverişli şərait yaranacaq. Bu isə iki ölkə arasında münasibətlərin normallaşmasına və uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcək. Digər məsələ Türkiyə ilə münasibətlər və strateji tərəfdaşlıqla bağlı səsləndirilən fikirlərlə əlaqədardır. Ermənistan cəmiyyətində belə bir yanaşma var ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması ayrı-ayrı proseslər kimi qiymətləndirilsin. Hətta Türkiyə ilə sərhədlərin və kommunikasiya xətlərinin açılmasını da bu prosesdən fərqli müstəvidə dəyərləndirməyə çalışan qüvvələr mövcuddur. Lakin fərqli yanaşmalar da var. Bu mövqeni bölüşənlər hesab edirlər ki, Azərbaycanın strateji tərəfdaşı olan Türkiyənin bu məsələdə mövqeyi qətidir. Onlar əmindirlər ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan Türkiyə ilə kommunikasiyaların açılmasından söhbət gedə bilməz. Məhz buna görə də Azərbaycanla sülh prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayırlar".
Deputat əlavə etdi ki, Ermənistanın siyasi palitrasında bu məsələyə münasibətdə fərqli yanaşmalar mövcuddur:
"Daha praqmatik mövqe sərgiləyənlər hesab edirlər ki, ən optimal yol məhz budur. Çünki Azərbaycanın və Türkiyənin bu məsələdə mövqeyi aydındır və Türkiyə rəsmilərinin açıqlamalarında da bu prinsip ardıcıl şəkildə ifadə olunur. Bu, Ermənistanın siyasi həyatında müxtəlif spekulyasiyalar üçün geniş imkan yaratmır. Mövqe kifayət qədər konkretdir. Bu səbəbdən praqmatik düşünən siyasi və hakim dairələr konstitusiyanın dəyişdirilməsi ilə bağlı siyasi iradənin formalaşdırılmasına, daha sonra isə referendum yolu ilə yeni konstitusiyanın qəbuluna çalışmalıdırlar. Belə olduğu təqdirdə iki dövlət arasında sülh prosesinin daha sürətlə irəliləməsi və müsbət nəticələr verməsi mümkün olacaq. Azərbaycanın yanaşması da məhz bu prinsipə əsaslanır".
Xədicə BAXIŞLI












