Deputat Ermənistanın üzərinə düşən əsas öhdəliyi AÇIQLADI
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Haber Global" televiziya kanalına açıqlamasında deyib ki, Ermənistan Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır.
Milli Məclisin deputatı Tural Gəncəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan və Ermənistan arasında pozitiv, konstruktiv sülh prosesinin davam etdiyinin şahidiyik.
Millət vəkilinin sözlərinə görə, ölkələrimiz arasında yekun sülh müqaviləsinin bağlanılması üçün önəmli imkanlar açılır:
"Xüsusilə də Azərbaycanın sülh gündəminə sadiqliyi, keçən il – 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış saziş layihəsinin məhz Azərbaycanın təşəbbüsü ilə hazırlanması və Azərbaycanın ümumiyyətlə sülh gündəminə sadiq qalması bir daha sübut edir ki, biz bu sülhün daimi, əbədi olmasında maraqlıyıq. Yeganə bir maneə Ermənistan konstitusiyasıdır ki, Ermənistan konstitusiyasında həm Azərbaycana qarşı, həm də Türkiyəyə qarşı ərazi iddiaları qalmaqdadır. Bunu görməməzlikdən gəlmək, mövcudluğunu təkzib etmək mümkün deyil. Həmin konstitusiya maddəsi preambulada qalır. Preambulada isə bilavasitə Azərbaycana qarşı ərazi bütövlüyünə qarşı iddia mövcuddur. Ona görə də Ermənistan bu məsələdə artıq qərar verməlidir. Ermənistanın sülhə ən böyük töhfəsi, hesab edirəm ki, rəsmilərin də dediyi kimi, konstitusiyadan həmin müddəanın çıxarılması ola bilər".
Müsahibimiz vurğuladı ki, məsələ Ermənistanda müzakirələrə səbəb olur:
"Bunlar isə Ermənistanın daxili işləridir. Eyni zamanda, Ermənistanın qonşu ölkələrin ərazi bütövlüyünə iddia etməsi, bunun daxili məsələ olması ilə yanaşı, konstitusiya mexanizminin çərçivəsini aşaraq bir beynəlxalq məsələyə, beynəlxalq hüquq çərçivəsinə çıxarır. Ona görə də Azərbaycan qətiyyən bu məsələdə sakit qala, görməməzlikdən gələ bilməz. Konstitusiyadan o müddəa oradan çıxarılmayacağı təqdirdə bu, Ermənistanın daxili məsələsi olması olmur. Bir növ onun artıq səlahiyyətlərini aşır. Çünki Azərbaycana qarşı ərazi iddiası varsa, artıq bu Ermənistanın daxili işi olmur. Bu baxımdan hesab edirəm ki, konstitusiya dəyişikliyi edilməlidir. Bizim rəsmilərin də həmişə bunu səsləndirməsi və Ermənistana vaxt vermələri də Azərbaycanın konstruktiv mövqedən çıxış etdiyini göstərir. Bir növ Ermənistan da öz konstitusiyasında olan bu qara ləkəni özündən uzaqlaşdırmaqla, öz üzərində olan yükü də çiyinlərindən atmış olacaq. Çünki Ermənistanın siyasi, tarixi məsuliyyətini dərk edərək konstitusiyasına dəyişiklik etməli, keçmiş tarixi səhvini düzəltməlidir. Yəni bunun başqa yolu yoxdur. Ermənistan bir növ öz konstitusiya mexanizmi, hüquqi mexanizmlərini nəzərdən keçirərək bunu etməlidir, müxtəlif bəhanələr gətirməməlidir ki, burada parlament çoxluğu var, ya yoxdur, Konstitusiya Məhkəməsi hansı qərarı verdi, Ermənistan parlamentində müxalifət nə dedi, nəyə bəhanə etdi. Bunların hamısı Ermənistanın daxili konstitusiya mexanizmləridir. Amma həmin o müddəa orada qaldığı təqdirdə bu, artıq Azərbaycana qarşı ərazi bütövlüyü iddiasını aparır, qaldırır ki, bu da Ermənistanın daxili məsələsi olmaqdan aşır, kənara çıxır. Bunu həll etmək artıq Ermənistanın bir növ məsuliyyətidir, bir növ Ermənistanın üzərinə düşən əsas öhdəlikdir ki, sülh müqaviləsinin imzalanması üçün tam əminlik yaransın və qapılar, fürsətlər açılsın".
Aytəkin TOFİQQIZI












