"Azərbaycanın tələbi əlavə şərt deyil, sülhün təminatıdır" - Yücel Karauz

 17:40 04.08.2026     559

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Haber Global" televiziya kanalına açıqlamasında Ermənistanla sülh prosesinin irəliləməsi üçün bu ölkənin Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Ermənistanda yeni Konstitusiyanın qəbulu istiqamətində prosesin başlanacağına dair siqnallar var və bu dəyişiklik həyata keçirildikdən sonra yekun sülh sazişinin imzalanması üçün ciddi maneə qalmayacaq. Hacıyev, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını və iki qardaş ölkənin bir-birinin maraqlarını hər zaman müdafiə etdiyini qeyd edib.

Bununla bağlı Redaktor.az-a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi ki, Hikmət Hacıyevin səsləndirdiyi fikirlər Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh strategiyasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoyur:

O qeyd etdi ki, bu bəyanatı və onun yaratdığı geosiyasi reallığı bir neçə mühüm aspektdən qiymətləndirmək mümkündür:

"İlk növbədə, burada söhbət gələcək sülh sazişinin hüquqi baxımdan dayanıqlı olmasından gedir. Azərbaycan haqlı olaraq hesab edir ki, imzalanacaq sülh sənədinin gələcəkdə hər hansı hüquqi ziddiyyət və ya risk yaratmaması üçün Ermənistanın daxili qanunvericiliyində, xüsusilə də konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır. Ermənistanın İstiqlal Bəyannaməsinə və konstitusiyasına istinad edən mövcud hüquqi baza Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları özündə saxladığı müddətdə, bu, sülh prosesinə ciddi maneə olaraq qalacaq. Məhz buna görə də yeni konstitusiyanın qəbulu bu hüquqi maneəni aradan qaldıra biləcək əsas mexanizm kimi qiymətləndirilir.

Digər mühüm məqam Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ilə bağlıdır. Hikmət Hacıyevin iki ölkə arasındakı qardaşlıq və strateji müttəfiqlik münasibətlərini xüsusi vurğulaması Ermənistan üçün də aydın siyasi mesajdır. Bu, göstərir ki, Bakı və Ankara həm sülh prosesi, həm də regional kommunikasiyaların açılması məsələsində vahid mövqedən çıxış edir və bütün addımlar qarşılıqlı koordinasiya əsasında atılır. Belə yanaşma regionda sabitliyin qorunmasına, eləcə də mümkün xarici müdaxilə və manipulyasiya cəhdlərinin qarşısının alınmasına xidmət edir".

Müsahibimiz bildirdi ki, mövcud vəziyyət Ermənistanda yeni Konstitusiya ilə bağlı müzakirələrin aparılmasında müəyyən müsbət dinamikanın mövcud olduğunu göstərir:

"Lakin əsas məsələ bu müzakirələrin real siyasi iradəyə çevrilməsi və hüquqi müstəvidə konkret addımlarla nəticələnməsidir. Hesab edirəm ki, Azərbaycanın irəli sürdüyü bu tələb əlavə siyasi şərt deyil. Əksinə, regionda uzunmüddətli sülhün, qarşılıqlı etimadın və gələcək iqtisadi inteqrasiyanın möhkəm hüquqi əsaslar üzərində qurulması üçün zəruri təminat rolunu oynayır", - deyə general yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən