"ABŞ İrana qarşı həm təzyiq, həm də danışıqlar siyasəti yürüdür" - Politoloq
"ABŞ Prezidenti Donald Trampın İrana hücumu təxirə salması rəsmi olaraq daha çox Körfəz ölkələrinin xahişi ilə izah edilir. Eyni zamanda müəyyən danışıqların aparıldığı, tərəflər arasında anlaşma və uzlaşma cəhdlərinin olduğu barədə də məlumatlar verilir. Digər tərəfdən isə ABŞ rəhbərliyi İranı danışıqlara gəlməməkdə ittiham edir və danışıqlar baş tutmayacağı təqdirdə ağır zərbələr endiriləcəyi ilə hədələyir. Yəni burada müəyyən ziddiyyətli məqamlar var. Bir tərəfdən İranın gizli danışıqlara hazır olduğu bildirilir, digər tərəfdən isə danışıqlardan yayındığı iddia olunur. Bunlardan hansının həqiqəti əks etdirdiyini söyləmək isə asan deyil. Çünki tərəflər arasındakı kommunikasiya və danışıqlar prosesi açıq şəkildə aparılmır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa səsləndirdi.
Onun sözlərinə görə, hazırda isə vasitəçi dövlətlər və tərəflər detalları ictimaiyyətlə bölüşmürlər:
"Buna görə də həqiqətin harada olduğunu müəyyənləşdirmək çətindir. Mənim qənaətimə görə, ABŞ hazırda həm danışıqlar, həm də hərbi təzyiq siyasətini paralel şəkildə həyata keçirir. Bir tərəfdən hərbi hazırlığını davam etdirir, digər tərəfdən İrana zərbələr endirir. Görünür, məqsəd bu hücumlarla İranı zəiflətmək və onu güzəştlərə məcbur etməkdir. Lakin indiki mərhələdə hava hücumları ilə buna nail olmaq mümkün görünmür. İranın təslim olması üçün təkcə hava əməliyyatları kifayət etmir. Buna görə də ABŞ-nin İrana təsir göstərmək və onun müqavimətini zəiflətmək üçün digər vasitələr üzərində düşündüyünü ehtimal etmək olar. Hələlik İranın müqavimətini qıra bilməməsi ABŞ-nin konkret nəticələr əldə etməsini çətinləşdirir".
Siyasətçi qeyd etdi ki, ABŞ-nin öz daxilində də bu məsələ ilə bağlı müxtəlif mövqelər mövcuddur:
"İrana qarşı hərbi əməliyyatların davam etdirilməsini istəyənlər də var, buna qarşı çıxanlar da. Üstəlik, indiyədək həyata keçirilən hücumlar ciddi nəticələr verməyib. Digər tərəfdən, İran da bu hücumları əsas gətirərək ABŞ-nin bölgədəki bazalarına və müttəfiqlərinə zərbələr endirir. Bu isə Vaşinqton üçün vəziyyəti daha da mürəkkəbləşdirir. ABŞ görünür, hərbi əməliyyatların qazanc və itkilərini, eləcə də atəşkəs dövründə əldə edə biləcəyi nəticələri müqayisə edir və hesablamalar göstərir ki, hərbi eskalasiya daha çox itki yaradır. Bununla belə, ABŞ geri çəkilmək niyyətində də görünmür. Hesab edirəm ki, yeni hücumların baş verməsi ehtimalı qalır. Sadəcə, bunun hansı şərtlərdə və nə zaman baş verəcəyini söyləmək çətindir. ABŞ İran məsələsini gündəmdən çıxarmaq istəmir. Xüsusilə də İranın Hörmüz boğazı üzərində nəzarət imkanlarının güclənməsi Vaşinqton üçün arzuolunan ssenari deyil. Digər tərəfdən, ABŞ hazırkı mərhələdə geri çəkilərsə, bu, "ABŞ İrana məğlub oldu" kimi qiymətləndirilə bilər. Buna görə də Vaşinqton müəyyən güzəştlər əldə etmədən prosesi başa çatdırmaq istəmir. Hələlik buna nail ola bilmədiyi üçün də bu qarşıdurmanın bir müddət də davam edəcəyini ehtimal etmək olar".
Xədicə BAXIŞLI












