"Tərəflər yorulsa da, müharibəni dayandıracaq kompromis yoxdur" - Politoloq

 17:45 05.08.2026     656

"4 ildən artıq davam edən Rusiya-Ukrayna müharibəsi tərəflərin hər ikisini kifayət qədər yorsa da, ortada real kompromisin olmaması müharibənin davam etməsinə, belə desək, təkan verir, şərait yaradır. Kompromis deyəndə söhbət, təbii ki, Ukrayna tərəfindən güzəştlərdən getmir. Çünki Ukrayna mümkün olan bütün kompromislərə hazır olduğunu bəyan edib. Yəni Rusiya işğalı altında olan ərazilərin Rusiyanın nəzarətində qalması, amma Rusiyanın ərazisi kimi tanınmaması şərti ilə Ukrayna müharibənin dayandırılmasına razıdır. Başqa sözlə, Ukraynanın, eləcə də Qərbin istəyi ondan ibarətdir ki, indiki cəbhə xətti əsas götürülsün və münaqişə faktiki olaraq həmin istiqamətdə dondurulsun".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Rəşad Bayramov Rusiya-Ukrayna müharibəsindən danışarkən bildirdi.

O əlavə etdi ki, bu, təbii ki, tərəflərin hər ikisinin maraqlarına cavab verə bilər:

"Çünki, yenə deyirəm, hər iki tərəf kifayət qədər yorulub və ciddi itkilərlə üzləşib. Amma çox təəssüf ki, Rusiya tərəfi hələ də bu məsələyə hazır deyil. Nəinki münaqişənin dondurulmasına, hətta qısamüddətli atəşkəsə belə müsbət yanaşmır. Ukrayna tərəfinin dəfələrlə irəli sürdüyü 60 və 90 günlük atəşkəs təklifləri də Rusiya tərəfindən mənfi qarşılanıb. Rusiya faktiki olaraq Donbasın qalan ərazilərindən də Ukrayna qoşunlarının çıxarılmasında və işğal altında olan ərazilərin Rusiya ərazisi kimi tanınmasında israr edir. Bu isə faktiki olaraq mümkün deyil. Mümkün olmadığı üçün də Ukraynada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, yəni Zelenski gedib onun yerinə başqa biri gəlsə belə, bu şərtlər daxilində sülhün əldə edilməsindən söhbət gedə bilməz.

Odur ki, sülh üçün faktiki olaraq yeganə yol tərəflərdən hər hansı birinin tamamilə tükənməsidir. Bu gün isə həmin tükənmə müşahidə olunmur. Ukrayna Qərbin dəstəyi ilə müharibəni davam etdirir. Rusiyanın da bütün problemlərə baxmayaraq müharibəni davam etdirmək imkanları hələ var. Canlı qüvvə baxımından Şimali Koreyadan dəstək alır, hərbi texnika baxımından isə resursları hələlik müharibəni davam etdirməyə kifayət edir. Odur ki, hazırkı şəraitdə müharibənin dayandırılması yalnız Rusiyanın həm xaricdən, həm də daxildən ciddi təzyiqlərlə üzləşməsi fonunda baş verə bilər. Ukraynanın etdiyi də faktiki olaraq budur. Bilirik ki, Rusiya hazırda enerji böhranı yaşayır. Bunun ardınca elektrik enerjisi stansiyalarının da hədəfə alınacağı ilə bağlı anonslar verilir. Bu baş verərsə və daxildə təzyiq formalaşarsa, Rusiya müəyyən güzəştlərə bəlkə də gedə bilər. Amma indiki şərtlər daxilində məsələnin nə diplomatik, nə də hərbi həlli hələlik real görünmür. Bu da o deməkdir ki, biz hələ bir müddət də bu müharibənin davam etməsinə şahid olacağıq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən