"Hansısa razılaşmadan danışmaq hələlik bir qədər çətin görünür" - AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla danışıqlar apardığını və növbəti hərbi əməliyyatdansa saziş bağlamağa üstünlük verəcəyini bildirib.
Bəs yekun nəticənin yaxın zamanda əldə edilməsi realdırmı?
Politoloq Samir Hümbətov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, razılaşmanın olacağını demək biraz tezdir:
"Çünki İslamabad anlaşmasını tərəflər icra etməlidirlər. Yəni nəticə əldə etməlidirlər. Məsələn, nəticə əldə etdilər, onun icrası nə qədər mümkün olacaq? ABŞ Prezidenti Donald Trampın hər dəfə fərqli fikirlər səsləndirməsi prosesin qeyri-müəyyənliyindən xəbər verir və qeyri-ciddiliyini göstərir".
Siyasi şərhçi vurğuladı ki, Amerika Birləşmiş Ştatları tərəfinin açıq və qəti fikri yoxdur:

"Demək olar ki, İranda da vəziyyət eynidir, amma bir qədər fərqli formadadır. İranda dövlət hakimiyyətində olan bir şəxs bir söz deyirsə, digəri tamam başqa fikir səsləndirə bilir.
Son dövrlərdə İranda İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf danışıqlar prosesində önə çıxırdı, daha sonra xarici işlər naziri Abbas Əraqçinin daha çox görünməsi məsələləri qarışıq vəziyyətə salır.
Bir sözlə, Amerika Birləşmiş Ştatları tərəfindən qəti fikir səslənmir, nə olacağı açıqlanmır. Eyni vəziyyət İran tərəfindən də müşahidə olunur. Ona görə də hansısa bir razılaşmadan danışmaq hələlik bir qədər çətin görünür".
Aytəkin TOFİQQIZI












