"Trampın açıqlamaları ABŞ-İran danışıqlarına zərər vurur" - AÇIQLAMA
"ABŞ ilə İran arasında danışıqlar birbaşa aparılmır. Prosesdə vasitəçilər iştirak edir. İran vasitəçilərlə görüşür, öz mövqeyini onlara çatdırır, vasitəçilər isə həmin mövqeni ABŞ-yə təqdim edirlər. Eyni qaydada ABŞ-nin mövqeyi də vasitəçilər vasitəsilə İrana çatdırılır və danışıqlar bu formatda davam edir. İranın danışıqların aparılmasını inkar etməsinin əsas səbəbi, görünür, daxili auditoriya ilə bağlıdır. Çünki ABŞ Prezidenti Donald Trampın açıqlamaları İranı çətin vəziyyətdə qoyur. O bildirir ki, İran danışıqlar üçün yalvarır. Dövlət adamı və siyasətçi bu cür bəyanatlar verməməlidir. Belə açıqlamalar danışıqlar prosesinə zərər vura və onu pozmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov səsləndirdi.
"Ağıllı siyasətçilər yalnız öz mövqelərini deyil, qarşı tərəfin də vəziyyətini nəzərə alırlar. Çünki İran müəyyən güzəştlərə getməlidir və bunun üçün ona daxili auditoriya qarşısında bu addımları əsaslandırmaq imkanı verilməlidir. Əgər bir tərəf deyirsə ki, "İran yalvarır, İran diz çöküb, mən nə istəyirəmsə onu qəbul edir", bu halda İranın müəyyən şərtləri qəbul etməsi də çətinləşir. Bununla belə, danışıqların davam etdiyi görünür. Əsas müzakirə mövzularından biri, şübhəsiz ki, Hörmüz boğazı ilə bağlı məsələlərdir. Boğaz müharibədən əvvəlki rejimdə fəaliyyət göstərməlidir. Yəni heç bir əlavə ödəniş və məhdudiyyət olmadan gəmilər və tankerlər orta dəhlizdən sərbəst şəkildə keçməlidir. İran isə bu ərazidən müəyyən gəlir əldə etmək yollarını axtarır. Hazırda Omanı da prosesə cəlb edərək, müxtəlif xidmətlər qarşılığında gəmilərdən və tankerlərdən ödəniş almaq imkanlarını müzakirə edir. Lakin dünyanın əksər ölkələri buna etiraz edir. Çünki belə yanaşma BMT-nin dəniz hüququ ilə bağlı konvensiyasının prinsiplərinə zidd hesab olunur".
Siyasətçinin fikrincə, İranın bu reallığı qəbul etməməsi və beynəlxalq hüquq normalarına uyğun davranmaması müharibənin yenidən başlanması ehtimalını da gündəmdə saxlayır:
"Ümid etmək olar ki, danışıqlar müəyyən nəticə verəcək, Hörmüz boğazı ilə bağlı məsələ gündəlikdən çıxacaq və bundan sonra nüvə proqramı ilə bağlı danışıqlara başlanacaq. Lakin Trampın və İran nümayəndələrinin açıqlamalarını nəzərə aldıqda, uğurlu nəticənin əldə olunacağına inam azalır. Tamamilə mümkündür ki, danışıqlar yenidən pozulsun və hərbi əməliyyatlar başlasın. Gizli danışıqlara gəldikdə isə, bu cür proseslər açıq danışıqlarla paralel şəkildə aparılır və dünya diplomatiyasında geniş yayılmış praktikadır. Biz bunu həm Ukrayna müharibəsi zamanı, həm də ABŞ-İran münasibətlərində dəfələrlə müşahidə etmişik. Ola bilər ki, hazırda da müəyyən şəxslər vasitəsilə gizli danışıqlar aparılır", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI













