"İranın qərarvermə mexanizmi çoxmərkəzlidir" - Yusif Bağırzadə

 11:19 07.08.2026     874

 ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bildirib ki, iranlılar son dərəcə çətin insanlardı: " Onların parçalanmış sistemi var. Bu sistemdə müharibənin başa çatmasını istəyən insanlar olduğu kimi, onun davam etməsini istəyən radikallar da var".

Vensin fikirlərini Redaktor.az-a şərh edən politoloq Yusif Bağırzadə bildirdi ki, İran daxilində müharibə ilə bağlı fikir ayrılıqlarının olduğu həqiqətdir:

"Vensin də dediyi kimi İranın idarəetmə sistemində həm müharibənin başa çatmasını istəyənlər, həm də onun davam etməsini arzulayan radikal qüvvələr var. Bu, İranın siyasi idarəetmə modelinin mürəkkəbliyi və müxtəlif güc mərkəzlərinin mövcudluğu ilə bağlıdır. Məlumdur ki, İranda qərarların qəbulu yalnız hökumət və ya prezident tərəfindən həyata keçirilmir. Ali Rəhbər institutu, İnqilab Keşikçiləri Korpusu (SEPAH), Ali Milli Təhlükəsizlik Şurası, parlament və digər siyasi institutlar ölkənin daxili və xarici siyasətinin formalaşmasında müxtəlif dərəcədə rol oynayırlar. Bu səbəbdən İranın istənilən beynəlxalq prosesə münasibəti vahid siyasi iradənin deyil, müxtəlif institutlar arasında formalaşan konsensusun nəticəsi kimi meydana çıxır. Vensin açıqlaması da məhz bu reallığa diqqət çəkir. Digər tərəfdən, bu bəyanatı ABŞ-nin İranla bağlı gələcək siyasətinə dair diplomatik siqnal kimi də dəyərləndirmək mümkündür. Vaşinqton uzun illərdir ki, İran daxilində daha praqmatik yanaşmaya üstünlük verən siyasi dairələrlə radikal xətti müdafiə edən qruplar arasında fərq qoymağa çalışır. Belə açıqlamalar bir tərəfdən beynəlxalq ictimaiyyətə ABŞ-nin vəziyyəti realist qiymətləndirdiyini göstərmək məqsədi daşıyır, digər tərəfdən isə İran daxilində dialoqa açıq qüvvələrə ünvanlanan dolayı mesaj kimi qəbul oluna bilər.

Bununla yanaşı, Vensin fikirləri regiondakı mövcud geosiyasi vəziyyət fonunda da nəzərdən keçirilməlidir. Son illər Yaxın Şərqdə baş verən proseslər, xüsusilə İran-İsrail qarşıdurması, Qəzza böhranı və regiondakı silahlı qruplaşmaların fəaliyyəti Tehranın xarici siyasətini daha mürəkkəb müstəviyə çıxarıb. Bu şəraitdə İran daxilində müxtəlif yanaşmaların mövcud olması bir tərəfdən təbii də hesab edilə bilər. Bir qrup beynəlxalq təcridin azaldılması və iqtisadi problemlərin həlli üçün diplomatik yolların genişləndirilməsini vacib sayırsa, digər qrup daha sərt təhlükəsizlik və müqavimət siyasətinin davam etdirilməsinin tərəfdarıdır. Təbii ki, indiki şərtlər daxilində sərt xəttin davam etdirilməsinin tərəfdarlarının mövqeləri qəbul olunan deyil. Çünki müharibənin davam etməsi İranı olduqca ağır problemlərlər üz-üzə qoyur. 

Düşünürəm ki, Vensin hər kəsə məlum olan məsələyə yenidən qayıtması həm də İran rəhbərliyinin daxili dinamikanı nəzərə almasına təsir göstərməyə, eləcə də beynəlxalq tərəfdaşlarına İranın qərarvermə mexanizminin mürəkkəbliyini izah etməyə hesablanıb. 

Ümumilikdə isə Vensin açıqlaması İranın daxili siyasi sisteminin çoxmərkəzli xarakterinə dair müşahidəni əks etdirməklə yanaşı, ABŞ-nin Tehranla münasibətlərdə fərqli siyasi aktorları nəzərə alan yanaşmasının da göstəricisidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən